Azərbaycanlı boksçu Aloyana qarşı
10 dekabr 2013 17:41 (UTC +04:00)

Azərbaycanlı boksçu Aloyana qarşı

Azərbaycanın “Baku Fires” klubu WSB (Ümumdünya Boks Seriyası) Liqasında növbəti görüşünü dekabrın 14-də keçirəcək. Lent.az-ın məlumatına görə, komandamız Sankt-Peterburqda Rusiyanın qonağı olacaq.  

 

Şimal qonşumuz 3 görüşdən 4 xal toplayaraq, qrupda 4-cü yeri tutur. “Baku Fires” isə 6 xalla 3-cü pillədədir. Rusiya komandası son turda səfərdə “Cuba Domaderos”a 0:5 hesabı ilə məğlub olub.  

Komandaların heyətləri artıq məlumdur:

Rusiya -  “Baku Fires”

52 kq. Mişa Aloyan - Rauf  Ağayev 

 

60 kq. Adlan Abduraşidov – Xurşid Tocibayev 

 

69 kq. Aleksandr Besputin – Yevgeni Ramaşkeviç 

 

81 kq. Dmitri Bivol – Mixail Dolqolevets 

 

91+ kq. Sergey Kuzmin – Hacı Murtuzəliyev

 

Rusiya komandası cari mövsümdə güclü heyəti ilə seçilir. Bu dəfə rəqib komandada Aloyan və Kuzmin kimi tanınmış boksçular rinqə çıxacaq. Milliyətcə yezidi kürdü olan Aloyan 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi olub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Aloyanın rəqibi olan Rauf Ağayev isə WSB Liqasında debüt edəcək. Ağayev əvvəllər peşəkar rinqdə bir neçə döyüş keçirib.

 

Super ağır çəki dərəcəsində mübarizə aparan Sergey Kuzmin 2010-cu ilin Avropa çempionudur. Bu il Belarusun paytaxtı Minskdə keçirilmiş qitə çempionatında isə Kuzmin finalda milli komandamızın üzvü Məhəmmədrəsul Məcidova uduzub.

 

Rusiya komandasının heyətində Aleksandr Besputin də 2013-cü ilin Avropa çempionatında qızıl medal qazanıb.  

 

Bu görüşdə “Baku Fires”in heyətində Ağayevdən başqa Ramaşkeviç və Dolqolevets debüt edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034
avatar

Oxşar yazılar