Oktyabrın 7-də “Four Season” otelində “İşğal altında - Ağdam” kompüter oyununun təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev oyunun real görüntülər əsasında ərsəyə gəldiyini bildirib.
İ. Babayev yaxın vaxtlarda Ağdamın kabus şəhərlər siyahısından çıxarılacağına ümid etdiyini bildirib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə İnformasiya Kommunikasiya Texnologiyaları ilində azərbaycanlı gənclərin belə bir ideya ortaya qoymasını çox alqışa layiq hal sayıb. E. Vəlizadənin fikrincə, bu, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.
“İşğal altında – Ağdam” layihəsinin rəhbəri, Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olan Fərid Haqverdiyev bildirib ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə oyunu 8 nəfər hazırlayıb. Onun sözlərinə görə, əsas çətinlik oyunu hazırlamaq üçün vaxt məhdudluğu ilə bağlı olub: “Biz 1 ilə bu oyunu ərsəyə gətirməli idik. Görüntülər də az və keyfiyyətsiz idi. Biz o görüntülər üzərində işlədik, ağdamlılardan müəyyən məlumatlar topladıq”.
F. Haqverdiyev onu da əlavə edib ki, “İşğal altında - Ağdam” kompüter oyununda Azərbaycan istehsalı olan silahlardan - “Zəfər” tapançaları, “İstiqlal” snayperləri, T-90 tanklarından istifadə olunub. Oyun yaxın 15 gün ərzində www.isgalaltinda.com saytında yerləşdiriləcək.
“İşğal altında - Ağdam” kompüter oyunu döyüş janrında hazırlanıb və Qarabağ müharibəsini əks etdirir. Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir. Yeni oyunda kompüter qrafikası təkmilləşdirilib, xüsusi effektlərdən istifadə edilib. Oyunun qrafikası Qarabağın, həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulub. Şəhərin görüntüləri 2 zaman kəsiyində - işğaldan öncə və işğaldan sonra göstərilib.