Məşhur rusiyalı qrossmeyster Aleksandr Xalifman Azərbaycanın kişilərdən ibarət yığma komandasına kapitan təyin olunub. Azərbaycan Şahmat Federasiyasından Lent.az-a verilən məlumata görə, Xalifmanın ilk sınağı noyabrın 8-də Polşanın paytaxtı Varşavada keçiriləcək komandalararası Avropa çempionatında olacaq.
Onun rəhbərliyi altında ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədov təmsil edəcək. Noyabrın 17-dək davam edəcək çempionata ölkə qatılacaq. Ölkəmiz qadınların mübarizəsində də təmsil olunacaq. Fikrət Sideifzadənin rəhbərliyi altında Gülnar Məmmədova, Zeynəb və Türkan Məmmədyarovalar, Nərgiz Umudova və Xəyalə Abdulla mübarizə aparacaq.
Çempionat İsveçrə sistemi ilə 9 turdan ibarət olacaq və noyabrın 18-də başa çatacaq. İlk 3 yerin sahibləri qızıl, gümüş və bürünc medallardan əlavə, pul mükafatlarına da sahib olacaqlar. Kişilər üçün bu mükafat müvafiq olaraq, 13, 9 və 5 min, qadınlar üçün isə 9, 6 və 3 min avro nəzərdə tutulub.
Qeyd edək ki, Aleksandr Xalifman 18 yanvar 1986-cı ildə Sankt-Peterburqda anadan olub. O, Beynəlxalq Şahmat Federasiyasının versiyası üzrə 2-ci dünya çempionu (1999), Rusiya yığmasının heyətində Ümumdünya Şahmat Olimpiadasının 3 qat (1992, 2000, 2002) qalibi, eləcə də dünya (1997) və Avropa (1996) çempionudur.