Azərbaycan Superkuboku gündüz saatlarında oynanılacaq
10 oktyabr 2013 19:05 (UTC +04:00)

Azərbaycan Superkuboku gündüz saatlarında oynanılacaq

Oktyabrın 23-də “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan Superkuboku ilə əlaqədar Peşəkar Futbol Liqasının (PFL) nümayəndələri Naxçıvana səfərə yollanıb. Lent. az-ın məlumatına görə, PFL-in Marketinq, eləcə də Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti rəsmiləri səfər zamanı yerli şəraitlə tanış olublar.

 

Onlar Naxçıvan şəhər stadionunda keçiriləcək Superkubok matçının başlama saatı, oyun öncəsi təşkil ediləcək şou-proqram və qarşılaşmadan sonra mükafatlandırma mərasimi ilə bağlı məsələlər üzərində işləyiblər.

 

PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Lent.az-a açıqlamasında oyunun çox güman ki, gündüz saatlarında təşkil ediləcəyini bildirib: “Düzdür, stadionda süni işıqlandırma sistemi də var. Amma biz oyunun ardından Bakıya qayıtmağı düşünürük. Naxçıvandan paytaxta gün ərzində son təyyarə isə saat 21:00-da uçur. Elə alına bilər ki, matçın taleyi əlavə vaxtda, hətta penaltilər seriyasında həll olunsun. Üstəlik, qarşılaşmanın ardından mükafatlandırma mərasiminə də müəyyən vaxt lazımdır”.

 

Şahgəldiyev matçın başlama saatını Bakıya qayıtdıqdan sonra məsləhətləşmələr apararaq, müəyyənləşdirəcəklərini əlavə edib. O, həmçinin Naxçıvanda bu oyuna hədsiz marağın olduğunu bildirib.   

 

Qeyd edək ki, bu gün Azərbaycan Super kubokunun nominal ev sahibi müəyyənləşib. PFL-də iki klub nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən “Xəzər Lənkəran” oyunun nominal ev sahibi olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060
avatar

Oxşar yazılar