Azərbaycan milli komandası oktyabrın 11-də 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirib. Lent.az-ın məlumatına görə, yığmamız “Bakcell Arena”da Şimali İrlandiyanı qəbul edib.
Görüş millimizin qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları 58-ci dəqiqədə Rüfət Dadaşov, 90+5-ci dəqiqədə isə Mahir Şükürov vurub.
Millimizin baş məşqçisi Berti Foqts start heyətində 4 – 4 – 2 taktiki sxeminə güvənib. Almaniyalı mütəxəssis qapını Kamran Ağayevə etibar edib. Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqovla Rasim Ramaldanov, solda Elnur Allahverdiyev, sağda Mahir Şükürov yer alıb. Yarımmüdafiənin mərkəzində Rahid Əmirquliyevlə Qara Qarayev, solda Vüqar Nadirov, sağda Araz Abdullayevə güvənən almaniyalı mütəxəssis hücum xəttində Rauf Əliyevi ən irəlidəki Rüfət Dadaşovdan bir qədər arxada sınayıb.
Heyətdəki hücumameylli oyunçuların çoxluğuna rəğmən, millimiz matçın əvvəllərində irəli atılmaqda çətinlik çəkib. Əvəzində qonaqlar ardıcıl kəsərli hücumlar qurublar. Artıq 5-ci dəqiqədə şimali irlandiyalı Kris Brantın zərbəsini Ağayev çətinliklə dəf edib. 3 dəqiqə sonra isə millimizin qapıçısı növbəti dəfə məharətini göstərib. O, Martin Patersonun yaxın məsafədən vuruşunu ayaqları ilə dəf edib. Brant ilk yarının sonlarına doğru daha bir uzaqdan zərbə ilə Ağayevi sınağa çəksə də, yenə təcrübəli qapıçı qola imkan verməyib. Bir neçə epizodda isə top hədəfdən azacıq yan keçib.
Millimiz isə ilk qol vəziyyətini 25-ci dəqiqədə yaradıb. Çoxgedişli kombinasiyadan sonra Dadaşov əlverişli vəziyyətdə olsa da, önünə düşən topu qapıdan yan vurub. Bundan 3 dəqiqə sonra isə Şükürovun özünəməxsus fintindən sonra qapı qarşısına ötürdüyü topa Əliyev birbaşa zərbə endirib. Rəqib komandanın qapıçısı topu çətinliklə dəf edə bilib.
İlk yarının gedişindən razı qalmayan Foqts fasilədən dərhal sonra oyunçu dəyişikliyinə əl atıb. O, Nadirovu Cavid Hüseynovla əvəzləyib. Bu dəyişiklik millimizin hücum xəttində canlanmaya səbəb olub. 49-cu dəqiqədə Dadaşov növbəti imkanı əldən verib. Bu dəfə o, rəqib qapısı qarşısına ötürməni qola çevirə bilməyib. 55-ci dəqiqədə Əliyevə qarşı kobudluğa görə italiyalı referi Andrea De Marko cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Şükürovun zərbəsini şimali irlandiyalı qapıçı Roy Kerol dəf edə bilib. Bundan 3 dəqiqə sonra isə millimiz hesabı açıb. Abdullayev cinahda rəqib müdafiəçilərini keçdikdən sonra topu Əliyevə, o isə qapı qarşısında əlverişli vəziyyətdə olan Dadaşova ötürmə verib. Almaniya “Kayzerslautern”indən dəvət olunan hücumçunun zərbəsi bu dəfə dəqiq olub – 1:0.
Qoldan ruhlanan yığmamız 2 dəqiqə sonra növbəti qol vurmaq imkanı qazanıb. Lakin Əliyevin qüvvətli zərbəsi “çərçivə”dən azacıq aralı keçib. 82-ci dəqiqədə millimizin heyətində növbəti dəyişiklik edilib. Bu dəfə Abdullayevi Cihan Özkara əvəzləyib. Oyunun sonlarına yaxın qonaqlar təzyiqi gücləndirsələr də, istəklərinə nail ola bilməyiblər. Bəzi epizodlarda britaniyalılar kobud oyuna da meyl ediblər. Lakin komandamız rəqibin fərqlənməsinə imkan verməyərək, seçmə tsikldə ilk qələbəni qazanıb. Son saniyələrdə Dadaşovun yerini Bədavi Hüseynova verməsi isə vaxt udmaq məqsədilə atılmış addım olub. Hamı hakimin oyunu başa vuracağını gözlədiyi vaxt Əliyevə qarşı kobudluq edilib. Referi Conni Evansı meydandan qovaraq, cərimə zərbəsi təyin edib. Şükürov zərbəni məharətlə yerinə yetirərək, ikinci qola imza atıb.
Bununla da millimiz xallarını 8-ə çatdıraraq, F qrupunda 4-cü pilləyə yüksəlib.
Azərbaycan millisindən möhtəşəm qələbə!
3612