FİFA dünya yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 19 pillə irəliləyib.
Hazırda 407 xala malik millimiz 88-ci mövqedə qərarlaşıb. Bu, ölkə futbolu tarixində rekord göstəricidir. Əvvəllər yığmamızın ən yüksək nəticəsi 2010-cu ilin noyabr reytinqində 90-cı yer olub. Komandamızın belə sıçrayışına səbəb 2014-cü il dünya çempionatının son seçmə qrup matçlarında Şimali İrlandiya və Rusiya ilə ev oyunlarındakı uğurlu çıxışıdır. Təmsilçimiz britaniyalılara 2:0 hesabı ilə qalib gəldikdən sonra şimal qonşularımızla heç-heçəyə nail olub – 1:1. Ötən ay isə millimiz 8 pillə irəliləmişdi.
Yığmamızın son seçmə tsikldəki rəqiblərindən Portuqaliya 3 pillə geriləyərək, 1036 xalla 14-cü, Rusiya ilə Şimali İrlandiya 4 pillə geriləyərək, 874 xalla 19-cu və 399 xalla 90-cı, Lüksemburq 1 pillə geriləyərək, 247 xalla 127-ci mövqeyə enib. 3 pillə irəliləyən İsrail isə 515 xalla 66-cı mövqedə qərarlaşıb.
Siyahıya yenə son dünya və Avropa çempionu İspaniya millisi 1513 xalla başçılıq edir. 1 pillə irəliləyən Almaniya yığması 1311 xalla 2-ci, 1 pillə geriləyən Argentina isə 1178 xalla 3-cüdür. Türkiyə isə 9 pillə irəliləyərək, 670 xalla 40-cı mövqeyə yüksəlib.
Qeyd edək ki, növbəti reytinq siyahısı noyabrın 28-də açıqlanacaq.