Futbol üzrə Azərbaycan milli komandası avqustun 14-də növbəti oyununa çıxıb. Lent.az-ın məlumatına görə, yığmamız Bakıdakı “Bakcell Arena”da Malta ilə yoldaşlıq görüşündə üz-üzə gəlib.
Daha öncə bu komandalar 3 dəfə qarşılaşmışdılar. Bütün hallarda Malta qələbəyə nail olmuşdu. Hətta 1994 və 2000-ci illərə təsadüf edən ilk 2 yoldaşlıq görüşü 5:0 və 3:0 hesabları ilə yekunlaşmışdı. 11 il öncə baş tutmuş oyunda isə millimiz minimal hesabla uduzmuşdu – 0:1.
Amma bu dəfə yığmamız nəinki Maltanın qapısına qol vurmağı bacarıb, hətta böyük hesablı məğlubiyyətlərdən birinin əvəzini çıxıb. Qazaxıstanlı referi Aleksandr Əliyevin idarə etdiyi görüşdə hesab artıq 5-ci dəqiqəqə açılıb. Almaniya “Kayzerslautern”inin II komandasında çıxış edən Rüfət Dadaşov künc zərbəsindən sonra topu rəqib qapısından keçirib. Fasilədən sonra millimiz daha 2 qol vurub. 63-cü dəqiqədə Rauf Əliyev maltalı müdafiəçilərin hamısını keçərək, toru silkələyib. Tezliklə qonaq komanda azlıqda qalıb. Andrey Aquis Rüfət Dadaşova qarşı güləş fəndi işlətdiyi üçün meydandan qovulub. Oyunda son nöqtəni 71-ci dəqiqədə elə Dadaşov qoyub. O, Mahir Şükürovun ötürməsindən sonra topu birbaşa Maltanın qapısına göndərib – 3:0.
Beləliklə, rəsmi oyunlarda sonuncu qələbəsini 2011-ci il sentyabrın 6-da Qazaxıstanı 3:2 hesabı ilə yenərək qazanan millimiz yenidən 3 qolla qalib gəlib. Bu dəfə FİFA-nın son reytinq siyahısında 134-cü pillədə olan Malta darmadağın edilib.
Qeyd edək ki, yığmamız növbəti oyununu sentyabrın 6-da keçirəcək. Komandamız 2014-cü il dünya çempionatının seçmə qrup matçında İsrailin qonağı olacaq.
Azərbaycan millisi Maltanı darmadağın etdi
1126