Futbol üzrə Azərbaycan milli komandası 2013-cü ildə son oyununu keçirib. Lent.az-ın məlumatına görə, millimiz FİFA-nın açıqladığı son reytinq siyahısında 150-ci pillədə qərarlaşmış Qırğızıstan yığmasının qonağı olub.
Bişkek şəhərindəki Dolen Omurzakov adına stadionda baş tutan qarşılaşma qolsuz yekunlaşıb – 0:0. Millimizin baş məşqçisi Berti Foqts start heyətində Səlahət Ağayev, Mahir Şükürov, Elnur Allahverdiyev, Rasim Ramaldanov, Bədavi Hüseynov, Rahid Əmirquliyev, İlter Taşkın, Vaqif Cavadov, Cihan Özkara, Rüfət Dadaşov və Rauf Əliyevə şans verib. Fasilədən sonra Allahverdiyevi Əli Qekdemir, Taşkını Ufuk Budak, Cavadovu Cavid Hüseynov, Özkaranı isə Vüqar Nadirov əvəzləyib. Matç ərzində elə də inamlı təsir bağışlamayan yığmamız ardıcıl 2-ci yoldaşlıq görüşünü qələbəsiz tamamlayıb. Daha öncə komandamız Estoniyaya uduzmuşdu – 1:2.
Oyundan sonra Foqts daha çox Qırğızıstan millisini tərifləyib: “Rəqibin ifasında yaxşı futbol gördük. Biz ancaq son 20 dəqiqədə yaxşı oynadıq. Kombinasiyalı oyun göstərməyə çalışdıq. Qələbə qazanmalı idik. Yenə deyirəm, komandamızın yalnız son 20 dəqiqədəki çıxışından razıyam. Futbolçular oyuna ciddi yanaşmadılar.
Bu gün bəzi oyunçuları sınadıq. Narazı qaldıqlarım oldu. Topsuz oynaya bilmirlər. Komandada problemlər var”.
Onun rəqib həmkarı Sergey Dvoryankov isə bildirib ki, yığmamızın oyunu son 2 matçdakından fərqlənməyib: “Yoldaşlıq görüşləri və rəsmi oyunlar arasında böyük fərq var. Mövsümün sonudur. Bu səbəbdən komandalar hazır olmaya bilər. Azərbaycan milli komandasının son iki oyununa baxmışdım. Bu görüş həmin qarşılaşmalardan fərqlənmədi”.
Qeyd edək ki, Estoniya və Qırğızıstanla səfər oyunlarındakı nəticələr Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyinə mənfi təsir edəcək. Oktyabr reytinqində rekord göstəriciyə imza atmış yığmamız noyabrın 28-də açıqlanacaq yeni siyahıda 88-ci mövqeyi, çox güman ki, itirəcək.