“Baku Fires” klubu Ümümdünya Boks Seriyasında (WSB) bu mövsüm ilk görüşünü noyabrın 15-də səfərdə “Astana Arlans”a qarşı keçirəcək. Lent.az-ın məlumatına görə, bununla bağlı hər iki klubun boksçuları və rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib.
“Baku Fires”in baş meneceri Rizvan Gənciyev “Astana Arlans”ın liqanın son qalibi olduğunu xatırladaraq, rəqibin yetərincə güclü olduğunu deyib: “Qazaxıstan milli komandası bu yaxınlarda keçirilmiş dünya çempionatında 1-ci oldu. Boks Qazaxıstanda gündən-günə inkişaf edir. Amma biz də bu görüşə ciddi hazırlaşmışıq. İnanıram ki, sabahkı döyüş kifayət qədər maraqlı alınacaq”.
Gənciyev komandanın mövsümə hazırlığı barədə də danışıb: “Biz 3 təlim-məşq toplanışı keçdik ki, bunlardan da biri orta dağlıq şəraitində olan Dombay şəhərində oldu. Bundan başqa artıq biz daimi hazırlıq keçdiyimiz yeri də dəyişmişik. Bakıdan 140 km uzaqda yerləşən Quba Olimpiya Kompleksində məşq edirik. Rəqiblərimizi də məhz orada qəbul etmək niyyətindəyik”.
“Baku Fires”in baş meneceri son dünya çempionatının iştirakçılarından kimlərin heyətə daxil edilməsinə də aydınlıq gətirib: “Soltan Migitinov artıq bizimlə birgə məşq edir, Məhəmmədrəsul Məcidov isə yanvarda qoşulacaq. Məcidova dünya çempionatından sonra istirahət etmək lazımdır”.
“Astana Arlans”ın baş meneceri Bolat Mankenov da “Baku Fires”lə görüşün asan keçməyəcəyini deyib: “Komandamızda xeyli dəyişiklik olub. Bu da çəki dərəcələrinin sayının artırılması ilə bağlıdır. Bir tərəfdən boksçulara daha asan olacaq. Onların hazırlığa və bərpa prossesinə vaxtı çox olacaq. Ancaq məşqçilərin işi əvvəlkinə nisbətən çətinləşəcək. Lakin bütün komandaların vəziyyəti eynidir”.
Qeyd edək ki, “Astana Arlans” – “Baku Fires” matçı noyabrın 15-də Bakı vaxtı ilə saat 18-də başlayacaq və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq. Tamaşaçılar 5 döyüş izləyəcəklər:
49 kq: Ənvər Muzaparov – Xamza Nametov
56 kq: Bağdat Alimbekov – Maqomed Qurbanov
64 kq: Asxat Ualixanov – Osman Əliyev
75 kq: Sergey Derevyançenko – Nikolay Veselov
91 kq: Vasili Levit – Abdulqadir Abdullayev.