Zaqatalanın “Simurq” klubu heyətinə daha 2 legioner futbolçu qatıb. Lent. az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar rumıniyalı Raul Kostin və serbiyalı Draqan Cerandır.
28 yaşlı yarımmüdafiəçi və 26 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb. Kostin 30, Ceran 11 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Raul Kostin karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq. Bundan öncə o, ölkəsinin “Nasional”, “Sibiu”, “Mioveni” və "Vasluy" klublarında forma geyinib, gümüş və bürünc medallar qazanıb. Draqan Ceran isə vaxtilə Serbiyanın 21 yaşlılardan ibarət yığmasına da dəvət edilib. Bununla da “Simurq”un heyətindəki legionerlərin sayı 9-a çatıb. Yayda qapıçı Pavel Kapsa, yarımmüdafiəçi Patrik Osiako, hücumçu Salif Ballo ilə də rəsmi müqavilə imzalanıb. Ötən mövsüm isə Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparan Anderson Oliveyra, Dilaver Zrnanoviç, Stepan Polyakın müqavilə müddəti daha bir il artırılıb.