Azərbaycan futbolunda qalmaqal: “Lipa” kimdir? - ARAŞDIRMA
15 noyabr 2013 18:36 (UTC +04:00)

Azərbaycan futbolunda qalmaqal: “Lipa” kimdir? - ARAŞDIRMA

Sabiq dağıstanlı futbolçu Şamil Lahiyalov Rusiyanın “Sport-Ekspress” qəzetinə qalmaqallı müsahibə verib. Lent.az-ın məlumatına görə, Lahiyalov vaxtilə yeniyetmələrdən ibarət milli komandamızda saxta sənədlə oynadığını bildirib.

 

O deyib ki, 1990-cı illərdə Mahaçqala “Anji”sinin heyətinə düşmək çətin imiş. Bu zaman “Dinamo”nun heyətində Azərbaycana yoldaşlıq görüşünə gəlib və ölkəmizdən təklif alıb. Amma ondan 1982-ci il təvəllüdlü doğum şəhadətnaməsi tapması istənilib. Şamil Lahiyalov isə kiçik qardaşı Rəşidin sənədini gətirib: “Doğum şəhadətnaməsində şəkil olmur. Mən 1979-cu il təvəllüdlü olsam da, balaca və cılız idim. Azərbaycanın yeniyetmələrdən ibarət yığmasında Avropa çempionatının seçmə tsiklində çıxış etdim. Orada peşəkar futbolçu yaşınadək böyüdüm. Bundan sonra təklif etdilər ki, sənədini saxtalaşdır və gələcəkdə də bizdə oyna. Lakin ilkin müqaviləmə əsasən, 470 rubl alırdım. “Lipa” pasportu isə 4 min rubla idi. Hər şeyə tüpürdüm və Dağıstana qayıtdım”.

 

Şahin Diniyev: “Onun Şamil Lahiyalov olduğunu 2001-ci ildə bilmişəm”

 

Lent.az-ın araşdırması zamanı məlum olub ki, Rəşid Lahiyalov adlı futbolçu Azərbaycanın 16 və 18 yaşadək yığma komandalarında (U-16 və U-18) çıxış edib. O, 1998-ci ildə U-16 yığmamıza cəlb olunaraq, Avstriyada keçirilmiş seçmə tsiklə qatılıb. 1999-cu ildə isə Lahiyalov U-18 yığmamıza cəlb edilib və qitə birinciliyinin Bakıda təşkil olunmuş seçmə mərhələ oyunlarında meydana çıxıb. Həmin illərdə hər iki yığmamızın baş məşqçisi Şahin Diniyev olub.

 

Hazırda Bakının “Rəvan” komandasına rəhbərlik edən Diniyev Lent.az-a bildirib ki, U-16 və U-18 yığmalarının sükanı arxasında olduğu vaxt Rəşid Lahiyalov adlı futbolçunun saxta şəxsiyyət vəsiqəsi ilə oynamasından xəbərsiz olub: “Bu futbolçu hər iki yığmamızın şərəfini qorudu. Çox yaxşı hücumçu idi. Komandamızın aparıcı futbolçularından sayılırdı. Səhv etmirəmsə, 2 seçmə tsikldə üst-üstə 3 qol vurdu. Amma mən onun əslində Şamil Lahiyalov olduğunu 2001-ci ildə Çeçenistanın “Terek” komandasına baş məşqçi təyin olunarkən, bilmişəm. Həmin vaxt bu futbolçunu Mahaçqala “Dinamo”sundan “Terek”ə gətirmək istəyirdim. Çünki hələ yığmamızdakı çıxışlarından tanıyırdım. O zaman mənə məlum oldu ki, əslində bu, Şamil Lahiyalov imiş. Heç transferi də alınmadı. Deyəsən, “Terek” və “Dinamo” rəhbərlikləri razılığa gələ bilmədi”.    

 

Fuad Musayev: “Necə ola bilər ki, Diniyevin xəbəri olmasın?”

 

Lakin həmin illərdə AFFA-nın prezidenti olmuş Fuad Musayev Lent.az-a açıqlamasında deyib ki, Rəşid Lahiyalov adlı futbolçunun qardaşının sənədi ilə yığmamızda oynamasından Diniyev xəbərsiz olmaya bilməz: “Şahin müəllim 2 ildən çox baş məşqçi işləyib. O vaxtlar seleksiyaçı-məşqçi də yox idi. Bütün futbolçuları baş məşqçi seçərək, komandanı formalaşdırırdı”. 

 

Musayev də Lahiyalovun yaxşı futbolçu olduğunu vurğulayıb: “Mən onun əsas millimizə də cəlb olunmasını istəyirdim. Lakin o vaxtkı baş məşqçi - səhv etmirəmsə, bu, Vaqif Sadıqov idi – dedi ki, Rəşid Lahiyalov yeniyetmələrdən ibarət yığmamızda qardaşının sənədi ilə oynayıb. Bu səbəbdən, əsas millimizə də eyni adla çağırıla bilməz. Mən də bu məsələyə çox fikir vermədim və unudulub getdi”.

 

Hamının bildiyi, amma heç kəsin açıb-ağartmadığı həqiqət

 

 

 

Digər tərəfdən, Peşəkar Futbol Liqasının rəsmi saytında Rəşid Lahiyalov adlı futbolçunun Azərbaycan çempionatının güclülər dəstəsində oynadığı da göstərilib. 1998-1999-cu il mövsümü üçün arxiv göstəricilərində onun “Şəfa”nın heyətində 11 oyuna çıxdığı və 2 qol vurduğu əksini tapıb. Matçların protokollarına əsasən, həmin topları Lahiyalov 1999-cu il aprelin 25-də evdə “Kimyaçı”nın (5:0, 19-cu dəqiqə) və mayın 2-də səfərdə “Dalğıc”ın (3:1, 88-ci dəqiqə) qapısından keçirib. Bu isə dağıstanlı hücumçunun təkcə yığmada deyil, “Şəfa”da da forma geyindiyini bir daha təsdiqləyir. Hazırda mövcud olmayan klub məhz Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarının oyun praktikaları qazanmaları üçün AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevin təşəbbüsü ilə ölkə çempionatına buraxılıb. Buna görə də Rəşid Lahiyalovun Azərbaycanda saxta sənədlə oynamasından heç kimin xəbərsiz olmadığını demək mümkün deyil. 

 

İdman Araşdırmalar Mərkəzinin (İAM) sədri Elşən Məmmədovun sözlərinə görə, Şamil Lahiyalovun açıqlaması Azərbaycan futbolunda hamının bildiyi, amma heç kəsin açıb-ağartmadığı həqiqətlərdən xəbər verir: “Düzdür, 2008-ci ildə Həcc ziyarətində olmuş Lahiyalov karyerasını bitirdikdən sonra əsl həqiqəti deməyə özündə cürət tapıb. Amma deməsəydi belə, hamı gözəl bilirdi ki, Azərbaycan yığmasında vaxtilə çıxış etmiş Rəşid Lahiyalov məhz bu futbolçu olub. Sadəcə, ya “lipalaşdırma”nı təbii qəbul etdiklərindən, ya da biabırçılığa göz yumduqlarından, bunu açıb-ağartmaq istəməyiblər. Amma bu açıqlama yaşlarını süni şəkildə azaltmış digər futbolçularımıza da dərs olmalıdır. İnanıram ki, onlar da nə vaxtsa, “saqqallı uşaq” olduqlarını boyunlarına alacaqlar”.

 

Qeyd edək ki, Şamil Lahiyalov “Şəfa”dan sonra Mahaçqala “Dinamo”suna qayıdıb və 2000 – 2002-ci illərdə bu klubun formasını geyinib. Ardından o, “Saturn” (2002), “Anji” (2003 – 2007 və 2011-2012), “Terek” (2007 – 2010), “Krasnodar” (2011) və “Krılya Sovetov” (2013) komandalarında çıxış edib. İyunda Samara klubu ilə müqaviləsini pozduqdan sonra Lahiyalov futbolçu karyerasını başa vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2551

Oxşar yazılar

Türkiyə səfərdə ABŞ-ı  məğlub etdi

Türkiyə səfərdə ABŞ-ı məğlub etdi

8 iyun 2025 , 02:31
Ronaldo dünya çempionatında oynamayacaq

Ronaldo dünya çempionatında oynamayacaq

7 iyun 2025 , 18:48
"Barselona" "Milan"ın oyunçusunu alır

"Barselona" "Milan"ın oyunçusunu alır

7 iyun 2025 , 13:26
"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

7 iyun 2025 , 09:43
Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi

7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

6 iyun 2025 , 23:52
Millimiz Qazaxıstanı məğlub etdi

Millimiz Qazaxıstanı məğlub etdi

6 iyun 2025 , 21:23
“Mançester Yunayted”in transfer təklifi rədd edildi

“Mançester Yunayted”in transfer təklifi rədd edildi

6 iyun 2025 , 19:17