Gənclər və idman naziri Azad Rəhimov noyabrın 22-də İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa Olimpiya Komitəsinin (EOC) 42-ci Baş Assambleyasında iştirak edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə EOC prezidenti və baş katibinin son 1 ildə görülmüş işlərlə bağlı hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.
2 gün davam edəcək toplantıda Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər haqqında EOC Koordinasiya Komissiyasının və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək. Baş Assambleyada 2013 - 2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni tərkibi seçiləcək.