“Sözsüz ki, bu, hamımız – Azərbaycan xalqı, idman ictimaiyyəti üçün böyük itkidir. Çox istedadlı, dünyanın ən yaxşı şahmatçılarından biri və ən əsası, çox gənc idmançı artıq aramızda yoxdur”. Lent.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Vüqar Həşimovla vida mərasiminə qatılan gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Həşimov uzun müddət müalicə olunsa da, xəstəliyi sağalmaz idi: “Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən, Dövlət Neft Şirkəti, Gənclər və İdman Nazirliyi tərəfindən müalicəsi ilə bağlı bütün təşkilati məsələlər həll olunmuşdu. Müalicə Almaniyada xüsusi klinikada aparılmışdı”.
Rəhimovun sözlərinə görə, şahmat yığmamızın üzvləri arasında çox yaxşı münasibətlər olub. O, ölkəmizin həmişə mütəşəkkil komandaya malik olduğunu da bildirib: “Düzdür, hansısa anlaşılmazlıqlar, qısqanclıqla bağlı müəyyən anlar yaşanıb. Amma onlar həmişə həllini tapıb, şahmatçılar arasında həmişə çox yaxşı münasibətlər olub və bu münasibətlər yenə davam edir. Bir faktı xüsusi qeyd etmək istərdim ki, bu yaxınlarda prezident İlham Əliyev ikiqat Avropa çempionu olan şahmatçılarımızı qəbul edərkən, onlar qələbəni yekdilliklə Vüqar Həşimova həsr etdiklərini dedilər”.
Nazir bütün idman sevərləri mərhum şahmatçımızı yad etməyə çağırıb: “Gəlin, “Allah rəhmət eləsin” deyək, ailəsinə can sağlığı arzulayaq. Vüqarı cismən itirmişik, ruhu bizimlədir. Fikrimcə, bütün idmançılar onu həmişə yada salacaq, oynadığı partiyalar böyük maraqla izləniləcək, yenidən təhlil olunacaq”.
Rəhimov Həşimovun xatirəsinin əbədiləşdiriləcəyini də bəyan edib: “Bəd xəbər çıxan kimi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər və İdman Nazirliyi qarşısında təkliflə çıxış etdi ki, bütün yarışlar Vüqar Həşimovun xatirəsinə 1 dəqiqəlik sükutla başlasın. Hazırda Həşimovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məsələyə nazirlikdə baxılır. Amma qərarı nazirlik yox, dövlət qəbul edir. Sözsüz ki, prezident İlham Əliyevlə məsləhətləşmələr, onun baxışı da çox vacibdir. Belə bir yüksək səviyyəli idmançının xatirəsinin yaddaşlarda qalmasını istərdik. Təkliflər çoxdur. Onların arasında Respublika Şahmat Mərkəzinə Vüqar Həşimovun adının verilməsi də var. Eyni zamanda, son 2 gün ərzində küçə, idman mərkəzi, olimpiya kompleksi və ya idmanla bağlı hansısa müəssisəyə onun adı verilməsinə dair təkliflər də gəlib və bunlardan hansısa ola bilər”.
Nazir Azərbaycanda şahmatın inkişafı istiqamətində görülən işlərdən də danışıb. O bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramında bu növ də salınıb: “Şahmat olimpiya növü olmasa da, Avropa Olimpiya Komitəsinin xüsusi qərarına əsasən, karate ilə birgə qeyri-olimpiya növü kimi proqrama salınıb. Sözsüz ki, şahmatla bağlı aparılan islahatlar, görülən işlər daha da yüksək səviyyəyə qaldırılmalıdır. Çünki ev sahibi kimi çox güclü şahmatçılarımız, komandamız var. Belə bir komanda ilə mütləq qələbə sevinci yaşamalıyıq. Sözsüz ki, şahmatın inkişafı istiqamətində də işimizi aparacağıq”.