Azad Rəhimov: “Biz mükəmməl tərəfdaşımızı görürük”
19 dekabr 2013 17:02 (UTC +04:00)

Azad Rəhimov: “Biz mükəmməl tərəfdaşımızı görürük”

“Hərtərəfli teleyayım təkliflərinə malik olma strategiyamızın mühüm hissəsi olub, Avropa Oyunlarının uğurlu yayımını təmin edir və Beynəlxalq İdman Yayımı Şirkətinin simasında biz mükəmməl tərəfdaşımızı görürük”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov deyib.

 

A. Rəhimov bildirib ki, Avropa Oyunlarını yayımlayacaq İSB şirkətinin rəhbəri Manolo Romero və onun komandası Avropa idmançılarının çıxışlarını, habelə ölkəmizin tarixini və mədəniyyətini dünya izləyicilərinə nümayiş etdirməkdə yardımçı olacaq.

 

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki isə qeyd edib ki, bu, yalnız 2015-ci il Avropa Oyunlarının teleyayımı üçün deyil, həm də Avropa Oyunlarının uzunmüddətli dayanıqlı inkişafı üçün çox müsbət xəbərdir: “Bu onu göstərir ki, Avropa Oyunları həyati qabiliyyətli məhsul olub, Avropada və dünyada əhəmiyyətli TV izləyiciləri idarə etmək iqtidarındadır. Eyni zamanda, bu, gələcək buraxılışlar üçün ciddi kommersiya tərəfdaşlarını cəlb etməyə yardımçı olacaq. Bütün bu deyilənlərdən əlavə, mən məmnunam ki, Avropanın elit idmançıları öz istedadlarını nümayiş etdirmək üçün müvafiq teleyayım platformasına malik olacaqlar”.

 

“Biz dünyanın bir çox mühüm tədbirlərini yayımlamaq imkanına malik olduğumuz üçün çox xoşbəxtik və həmçinin, tədbirlərin əhatə dairəsinin genişlənməsinə yardımçı olmaq kimi nadir fürsətə malikik” deyən Romero isə Avropa Oyunlarının dünyanın növbəti möhtəşəm idman tamaşalarından biri olacağına qəti inam ifadə edib: “Biz bu Oyunları Avropaya və dünyanın qalan hissəsinə yayım edəcək şirkət olaraq seçilməyimizdən və Bakı ilə tərəfdaş olub, onun dinamik və sürətlə inkişaf edən mədəniyyətini nümayiş etdirəcəyimizdən qürur duyuruq. 2015-ci il Avropa Oyunları irsini dəstəkləmək üçün İSB Avropa Oyunları ərəfəsində və yarış zamanı Azərbaycandan olan idman yayımı üzrə peşəkar mütəxəssislər üçün treninqlər və məşğələlər keçirəcək”.

 

BEGOC-un baş əməliyyat təmsilçisi Cim Şerr isə bildirib ki, bu bəyanat Avropa Oyunları üçün mühüm mərhələ təşkil edir. O, Beynəlxalq İdman Yayımında dünya lideri olan şirkətlə tərəfdaşlıqdan məmnunluq duyub: “İdmançılar, milli olimpiya komitələri və idman federasiyaları əmin ola bilərlər ki, İSB-nin fəaliyyəti ərzində Avropa Oyunları qitənin ən yaxşı idmançılarına münasib ən geniş teleyayım imkanlarına malik olacaq”.

 

Qeyd edək ki, 2015-ci il 12 – 28 iyunda keçiriləcək ilk Avropa Oyunlarında qitənin 49 Olimpiya ölkəsindən 18 idman növü üzrə 5400 atlet yarışacaq. Bu Oyunların əsası 9 dekabr 2012-ci ildə İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin Ümumi Yığıncağında Avropanın Milli Olimpiya Komitələrinin əksəriyyətinin Avropa Oyunlarının yaradılması lehinə səs verməsi nəticəsində qoyulub. Məhz həmin Ümumi Yığıncaqda MOK-lar inaqurasiya Oyunlarının yenə də əksəriyyətin səs çoxluğu ilə Bakıda keçirilməsinə qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar