Hollandiyanın Rotterdam şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa çempionatında yarımfinalçılar məlum olub. Lent.az-ın məlumatına görə, Azərbaycan boksçularından 3-ü ¼ final mərhələsini uğurla adlayıb.
Bununla da ölkəmiz çempionatı 3 medalla başa vuracağı dəqiqləşib. 56 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov rumıniyalı Fredi Nikusoru məğlub edib. Həmyerlimiz finala gedən yolda albaniyalı Rexildo Zenili ilə qarşılaşacaq.
64 kq çəkidəki Cavid Quliyev də rumıniyalı digər boksçu Vizanı mübarizədən kənarlaşdırıb. Quliyev yarımfinalda Almaniyanı təmsil edən Aqon Qaşi ilə üz-üzə gələcək.
52 kq çəki dərəcəsindəki təmsilçimiz Məsud Yusifzadə də yarımfinala yüksələnlər arasındadır. Boksçumuz ¼ finalda fransalı Samuel Xistourri üzərində qələbə qazanıb. Məsudun növbəti rəqibi Türkiyə nümayəndəsi Ömər Koç olacaq.
Yarımfinala yüksələn hər 3 boksçumuz ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, Münasib Məmmədov (49 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (81 kq) və Məhəmmədəli Tahirov (91+kq) ¼ final mərhələsində məğlubiyyətlə üzləşiblər. Avropa birinciliyinə avqustun 17-də yekun vurulacaq.