Şahmat üzrə dünya çempionluğu uğrunda hindistanlı Vişvanatan Anand və norveçli Maqnus Karlsen arasında matçın 3-cü partiyası başa çatıb. Lent.az-ın məlumatına görə, Anandın qara fiqurlarla çıxış etdiyi oyun 51-ci gedişdə heç-heçə ilə nəticələnib.
İlk 2 partiyada da qalib müəyyənləşməyib. 3 görüşdən sonra hesab bərabərdir – 1,5:1,5. Növbəti partiya noyabrın 13-də keçiriləcək.
Qeyd edək ki, Vişvanatan Anand və Maqnus Karlsen arasında klassik vaxta nəzarətlə ümumilikdə 12 partiyanın keçirilməsi nəzərdə tutulub. Yekun hesab bərabər olsa, qalib “tay-breyk”də müəyyənləşəcək. Şahmat tacı uğrunda matç Anandın doğma şəhəri Çennayda keçirilir. Hindistanlı qrossmeyster 2007-ci ildə dünya çempionudur.