AFFA-da 22 iyul – Milli Mətbuat günü ilə əlaqədar idman jurnalistləri ilə görüş keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən qurumun baş katibi Elxan Məmmədov futbolun təbliğində mətbuatın rolundan danışıb.
O qeyd edib ki, son illər ölkə mətbuatında orta hesabla hər 2 saatdan bir futbol xəbəri işıq üzü görür. Bu isə futbol xəbərinin mətbuata yox, mətbuatın futbol xəbərinə ehtiyacını göstərir.
Məmmədov AFFA-nın gördüyü işlərdən də danışaraq, son zamanlar İspaniyanın “Barselona”, İngiltərənin “Mançester Yunayted” və Portuqaliyanın “Benfika” klubları və Almaniya Futbol İttifaqı ilə əməkdaşlığa başlamalarını vurğulayıb. O, xüsusən, uşaq futbolunun inkişafına verdikləri önəmə diqqət çəkib.
Sonda idman jurnalistlərinə AFFA-nın qiymətli hədiyyələri təqdim olunub.