AFFA İntizam Komitəsi “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanovu 2 oyunluq cəzalandırıb. Lent.az-ın məlumatına görə, gənc hücumçu AZAL-la Topaz Premyer Liqasının XV tur matçının 86-cı dəqiqəsində rəqibə qarşı təhqiredici hərəkətə yol verib.
Birbaşa qırmızı vərəqə alan Ramazanov həm də klubunu 2000 manat ziyana salıb.
Bu matçın 56-cı dəqiqəsində isə AZAL-ın futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan qovulub. Arseniyeviç 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib. Paytaxt klubu daha 1000 manat cəriməni 5 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.
“Rəvan”ın futbolçusu Rəşad Abdullayevə də cəza kəsilib. O, “Qəbələ” ilə matçın 85-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Abdullayev 1 oyunluq diskvalifikasiyaya, klubu 200 manat cəriməyə məruz qalıb.
Nəhayət, “Qarabağ” 4 futbolçusunun “Simurq”la görüşdə sarı vərəqə alması üzündən 1000 manat ziyana düşüb.