AFFA İcraiyyə Komitəsinin növbəti iclası avqustun sonlarında olacaq. Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə qurumun baş katibi Elxan Məmmədov bildirib.
O qeyd edib ki, toplantıda iki əsas məsələyə baxılacaq. Bunlardan biri I diviziondan Premyer Liqaya 1, yoxsa 2 komandanın vəsiqə qazanmasına dair olacaq. Digər məsələ isə klubların nəzdində İcraiyyə Komitəsinin yaradılması təklifidir. Klublara isə komitə üzvləri arasında jurnalist və veteran futbolçunun yer alması tövsiyə ediləcək: “Sözsüz ki, qərarı klub prezidenti verəcək. Amma veteran futbolçunun sözünə də ehtiyac var. Məsələn, AFFA İcraiyyə Komitəsində 3 veteran – Ələkbər Məmmədov, Kazbek Tuayev və İskəngər Cavadov yer alıb. Etiraf edim ki, bir çox iclaslarda onların fikirləri qərar qəbulunda əhəmiyyətli rol oynayıb. Eyni təcrübədən klublarda da yararlanmaq olar”.
Baş katib Naxçıvan təmsilçisinin I divizionda iştirakı məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, aşağı liqa klublarının Muxtar Respublikaya gediş-gəlişlə bağlı maddi problemləri var. Bu səbəbdən, I divizionla paralel olaraq, Naxçıvanda 5-6 komandanın iştirakı ilə çempionat keçirilməsi təklif olunub. Bu çempionatın qalibi isə I divizionu ən yüksək pillədə başa vuranla ev və səfər prinsipi əsasında “pley-off” görüşlərində üz-üzə gələcək. Qalib Premyer Liqaya vəsiqə qazanacaq: “Artıq bu təklifi Naxçıvan tərəfinə vermişik və hazırda cavab gözləyirik”.
Qeyd edək ki, gələn mövsüm Topaz Premyer Liqasında 10 komanda 4 dövrəlik sistemlə mübarizə aparacaq.