"Tanrının əli" və 55-i
30 oktyabr 2015 18:26 (UTC +04:00)

"Tanrının əli" və 55-i

Dünya futbolunun ulduzları olan Pele və Maradona. İllər keçsə də, bu əfsanələrin adları dillərdən düşmür. Hər ikisi cənubi amerikalıdır, qonşu Braziliya ilə Argentinanın fəxrləridir. Hər ikisi futbolda ən yüksək zirvə olan dünya çempionluğunu qazanıb. Özü də milli komandalarının liderləri kimi bu uğurda böyük pay sahibi olublar. Hər ikisi karyerası boyu “10 nömrə"li formada oynayıb. Hər ikisi bu ilin yubilyarlarıdır. Pelenin 75, Maradonanın 55 yaşı tamam olur. Hər ikisi oktyabrın son 10 günlüyündə dünyaya gəlib – Pele 23-də, Maradona 30-da. Bəli, “5-ləri” qoşalaşdıran Dieqo Armandonun bu gün ad günüdür. Maradonayla birgə şəklim olmasa da, bu yubileyində haqqında bir neçə kəlmə yazmaq, təbrikləri ünvanlamaq istəyimə əngəl olmadı.

Peleylə Maradonanın arasında böyük yaş fərqi (20) olduğundan, ata-oğul yerinə düşürlər. Bu üzdən müxtəlif dövrlərinin futbolçularıdır. Pele futbolu bitirəndə, Maradona peşəkar karyerasına yenicə başlamışdı. İş elə gətirib ki, bu ulduzlar bir-biriylə yola getmir, düşməndirlər. Mətbuata açıqlamalarında bir-birlərinin “bostanına daş atırlar”. İndi necə ki “Ronaldo, yoxsa Messi güclüdürmü” müzakirəsi gedir, Peleylə Maradona arasında da belə müqayisələr çox olub, indi də var. Braziliyalıya “Futbol kralı”, argentinalıya “Futbol tanrısı” ləqəbi verilib. Dieqo Armandoyla bağlı yazımda məsələyə bu prizmadan yanaşacaq, Argentinanın üstünlükkləri haqda düşüncələrimi bölüşəcəyəm.

Əlbəttə, Pelenin də böyük üstünlükkləri var. O, yeganə futbolçudur ki, 3 dəfə dünya çempionu olub. Pele FİFA-nın versiyasına 20-ci əsrin ən yaxşı futbolçusudur. Ancaq bizim nəslin nümayəndələrinə Pelenin yox, Maradonanın oyununu canlı görmək nəsib olub. Mən də milyonlarla insan kimi onun oyununa baxaraq vurulmuşam, futbola böyük sevgim yaranıb. Dieqo Armandonun fərdi ustalığı, texnikası bizləri valeh edirdi. İnsan topla necə gözəl davrana bilərmiş. O, əsl top sehrbazı, əsl pleymeyker, dispetçer, oyun qurucusu idi. Maradona üçün bir neçə futbolçunu aldadıb qol vurmaq su işmək kimi asan idi. Təsadüfi deyil ki, televiziyada tez-tez izlədiyimiz ən gözəl qollar arasında Maradonanın 1986-cı il dünya çempionatında 7 futbolçunu keçib vurduğu gözəl qolu dəfələrlə göstərirlər.

Ümumiyyətlə, İngiltərə yığmasına 2:0 hesabıyla qalib gəldikləri həmin 1/4 final oyunu, həmin mundial Dieqo Armandonun karyerasında xüsusi yer tutur. O, hər iki qolu İngiltərə yığmasının əfsanəvi qapıçısı, dünyanın ən güclülərindən olan Piter Şiltona vurmuşdu. Maradonanın ilk qolu isə daha çox müzakirə olundu, indiyədək haqqında danışılır. Axı o, Şiltonla hava mübarizəsində topu əllə tora göndərmiş, sonradan bunu “Tanrının əli” vasitəsilə qapıdan keçirdiyi açıqlamışdı. Maradona kapitanı olduğu həmin mundiala yığmasının demək olar təkbaşına dünya çempionu etdi.

Növbəti dünya çempionatında da Argentina yığmasını finala kimi aparan, həlledici matçda Almaniya yığmasıyla görüşən Maradona bu dəfə oyunun sonunda təyin olunan mübahisəli penaltiylə uduzdu. İtaliyadakı həmin mundial, bundan 4 il sonra ABŞ-dakı dünya çempionatı Meksika-86-yla müqayisədə daha yaxşı yadımda qalıb. Amerikadakı final mərhələsində Dieqonun artıq 34 yaşı olsa da, onu aparmışdılar. Bu yaşda da gözəl oyun nümayiş etdirən Maradona yenə öz sözünü dedi, qrup mərhələsində qol vurdu, yığmanı 1/8 finala çıxardı. Lakin qadağan qolunmuş dərman preparatı qəbul etməsi ortaya çıxdığından, nəinki həmin yarışdan, 15 ay futboldan kənarlaşdırıldı. Həmin xəbərə o qədər məyus olmuşdum ki, Maradonasız Argentina yığmasını təsəvvür etmirdim. Ümumiyyətlə, Dieqo Armandoya görə bu milli komandanın böyük pərəstişkarı olmuşdum.

Maradonanın ona görə Peledən üstün tuturam ki, o, daha güclü klub karyerasına malik olub, ən əsası, Avropada oynayıb. Özü də bu, karyerasının yaxşı vaxtlarında olub və İspaniya, İtaliya karyerası 11 il sürüb. Dieqoya 22 yaşında “Barselona”ya keçmək nəsib olub. Sonradan uzun müddət “Napoli”də oynayıb, ortabab komandanı 2 dəfə İtaliya çempionu edib. Nəhayət, karyerasının sonuna “Sevilya”da çıxış edib. Pelenin klub karyerası isə Amerika qitəsində, vətənində “Santos”, ABŞ-da “Nyu-York Kosmos”da olub. O vaxtlar Avropanın ən yaxşı futbolçusuna nəzərdə tutulan "Qızıl top" mükafatı yalnız avropalılara verildiyindən, Maradona kimi Avropada çıxış edən qeyri-avropalılar buna sahib ola bilmirdilər. Bu ədalətsizlik yalnız 1995-ci ildə aradan qaldırıldı.

Maradonaya qarşı çoxsaylı futbolçular oynasalar da, onlar arasında azərbaycanlı İqor Panomaryovu qeyd edə bilərik. Bu isə anadan olduğum ildə - 1979-da Yaponiyada keçirilən gənclər arasında dünya çempionatında olub. Həmin vaxt SSRİ yığmasının heyətində yer alan Ponomaryov gümüş medalçı olub. Maraqlıdır ki, finalda Argentina yığmasına rəqib olublar. Ponomaryovla Maradonanın yığmalarının dueli cənubi amerkalıların 3:1 hesablı qələbəsiylə nəticələnib. Dieqo Armando karyerasında ilk titul qazandığı həmin dünya çempioinatının ən yaxşı futbolçusu da olub.

Əlbəttə, Maradonanın qalmaqalları, dopinq, narkotik, şəxsi planda problemləri, ailə münaqişləri, məhkəmə çəkişmələri çox olub və bununla da məşhurlaşıb. Onun məşqçilik karyerası isə hələ ki uğursuzdur. Təsadüfi deyil ki, bu ampluada bir titulu, mükafatı belə yoxdur. Hətta Argentina milli komandasının baş məşqçisi kimi 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının finala mərhələsində iştirak edib. Ancaq heç yarımfinaladək irəliəyə bilməyən argentinalılar 1/4 finalda Almaniyadan ağır məğlubiyyət alıb – 0:4. Bu, Argentina yığmasının dünya çempionatları tarixində ən böyük hesablı yenilgisidir. Buna baxmayaraq Argentina Futbol Federasiyasının rəhbərliyi Maradonadan üz döndərmir, hətta prezident Xulio Qrondona qalmasını istəsə də, o, istefa verir.

"Güclü futbolçu olmaq hələ güclü məşqçi olmaq demək deyil" məsəli Maradonayla təsdiqini tapır. Ancaq istənilən halda, o, futbolun əfsanəsidir. Haqqında nə qədər xoşagəlməz sözlər deyilsə də, futbolçu kimi milyonlarla insanın qəlbinə yol tapıb.

Dieqo Armando, sənin heç vaxt Azərbaycana yolun düşməyib. Hərçənd, adın bir vaxtlar milli komandamızın baş məşqçisi postu ətrafında hallanıb. Ancaq ölkəmizə rəqib kimi də təşrif buyurmamısan. Ümid edirəm ki, Azərbaycana gəlişin nə vaxtsa həyata keçəcək və mənə səninlə birgə şəkil çəkdirmək nəsib olacaq. Bu yazımdakı fotoda əllə işarəm sənə futbolçu kimi verdiyim qiymətdir. Sənin isə “əla” işarənlə yazıma qiymət verməyini istərdim.

Yubileyin mübarək, əfsanə!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar