“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin davamı olaraq Qaxda “Su festivalı” keçirilib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, əvvəlcə tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, aprelin 5-də prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi Qax sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib.
Daha sonra Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Qax rayonu İlisu kəndi inzibati ərazisindən keçən hissəsindən tökülən “Ram-Rama” şəlaləsindən doldurulan su səhəngi səhnəyə gətirilib. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.
Azərbaycan ərazisini əhatə edən və Xəzərdən başlayan səyahətin növbəti dayanacağı 27 aprel tarixində Qəbələ rayonu olacaq.
Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.