"Nəticədən razıyam" - Azərbaycan yığmasının baş məşqçisi
"İki qızıl, bir gümüş və iki bürünc medal qazandıq. Bu nəticədən razıyam".
Bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Saypulla Absaidov komandasının Minsk-2019 II Avropa Oyunlarındakı çıxışını APA-nın Belarus paytaxtına ezam olunmuş əməkdaşı üçün dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis qazandıqları uğurun sentyabrın 14-22-də Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunacaq 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına hazırlıq baxımından əhəmiyyətli olduğunu deyib: "II Avropa Oyunlarına həm də qarşıdakı mundial öncəsi yarış kimi yanaşıram. Dünya çempionatına cəmi 2,5 ay qalıb. Uzaq hədəfimiz Tokio-2020-dir. Buradakı çəki dərəcələrinin hamısı olimpiya çəkiləridir. Bu çəkilərdən 5-də mükafata layiq yerləri tutduq. Bundan da tam razıyam. Fikrimcə, uşaqlar bütün çəki dərəcələrində lisenziya qazanmağa tam qadirdirlər. Bir daha deyirəm: Yaxşı çıxış etdilər, mən razıyam".
61 yaşlı baş məşqçi Nurməhəmməd Hacıyevin 97 kq çəki dərəcəsində final görüşünə çıxmamasını Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə 7:0 hesabı ilə qalib gəldiyi yarımfinal görüşündə dizindən yüngül zədə alması ilə əlaqələndirib. Onun sözlərinə görə, dünya çempionatı öncəsi həmin zədəni daha da ağırlaşdırmaması üçün N.Hacıyevin final görüşünə buraxılmamasına qərar verilib: "Təki əməliyyat olunmasına ehtiyac duyulmasın. Dünya çempionatına çox ehtiyatlı yanaşmalıyıq. Lisenziyalı yarış öncəsi Nurməhəmmədi mübarizə aparmağa məcbur etmədik".
Absaidov 125 kq çəkidəki Cəmaləddin Məhəmmədovun ağır zədədən sonra ilk yarışdaca bürünc medal qazanmasını da yüksək qiymətləndirib: "Cəmaləddin 2018-ci il dünya çempionatında çiynindən zədə aldığı üçün əməliyyata məruz qalmışdı. Bu, onun ötənilki mundialdan sonra ilk yarışı idi. Hələ yenicə formaya düşməkdədir. Onun hələ ən yaxşı formada olmadığını bilirdik. İnanırıq ki, dünya çempionatına və Tokio-2020-yə planlı şəkildə və yüksək səviyyədə hazırlaşa biləcək".
Baş məşqçi 74 kq və 86 kq çəkilər üzərində daha çox işləmələrinin vacibliyini də vurğulayıb: "Düzdür, Hacımurad Hacıyev gəncdir, 74 kq-da yaxşı nəticələr göstərir. Amma bu iki çəkidə daha böyük irəliləyişə nail olmalıyıq".
435