Albaniya səfərindən qayıtdıqdan dərhal sonra “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib.
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,baş məşqçi Böyükağa Hacıyev, eləcə də məşqçilər Tərlan Əhmədov, Bəxtiyar Musayev, Kamal Quliyev, Neboyşa Monoyloviç və Ruben Sellesin iştirakı ilə keçirilmiş iclasda Çempionlar liqasının 2-ci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri ilə bağlı məşqçilərin fikirləri dinlənilib.
Baş məşqçi Böyükağa Hacıyev məğlubiyyətə görə məsuliyyət daşıdığını və 25 iyul 2013-cü il tarixdə saat 11:00-da klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edəcəyini bilidirib. Məşqçilər isə klub prezidentinin verəcəyi qərarla razı olduqlarını söyləyiblər. “Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri araşdırılacaq və yekun qərar yaxın günlərdə klub prezidenti Sadıq Sadıqovun iştirakı ilə keçiriləcək iclasda veriləcək.