“Xəzər Lənkəran” klubu futbol üzrə Topaz Premyer Liqasında qeydə alınan son uğursuz nəticələri müzakirə edib. Lent.az-ın məlumatına görə, bu məqsədlə klubdaxili iclas təşkil olunub.
Toplantıda rəhbərlik futbolçulardan qarşıdakı oyunlarda maksimum nəticələrin əldə olunmasını tələb edib. Amma bu, heç də asan görünmür. Çünki “ağ-yaşıllar”ı növbəti turda hazırda 3-cü pillədə olan “Qəbələ” ilə oyun gözləyir. Bu görüşə baş məşqçi Con Toşakın komandası Lənkəranda hazırlaşacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” son 2 turda əvvəlcə “Qarabağ”a 0:3, ardından “Neftçi”yə 1:4 hesabı ilə uduzub. Hazırda cənub təmsilçisi 13 xalla 8-ci pillədə yer alıb.