“Xəzər Lənkəran” futbol klubunun tarixi və inkişaf perspektivləri
16 aprel 2014 18:50 (UTC +04:00)

“Xəzər Lənkəran” futbol klubunun tarixi və inkişaf perspektivləri

2004-cü ildə Azərbaycan futbolunda baş verən köklü dəyişikliklər yeni klubların yaranmasını zəruri etmişdi. Ölkənin cənub bölgəsi də bu prosesindən kənar qala bilməzdi. Beləliklə, 2004-cü ildə Azərbaycanın cənubunda yeni və zaman keçdikcə kifayət qədər möhkəmlənə biləcək “Xəzər Lənkəran” futbol klubu yarandı. Bəs bu klub necə yarandı? Necə oldu ki, yeni yaradılmış bu klub qısa müddət sonra Azərbaycanın aparıcı 4-5 komandasından birinə çevrildi, çempionluqlar, kuboklar qazandı?

 

Lənkəranda klub yaradılması ideyası Zeynal Nağdəliyevdən gəldi

 

“Xəzər Lənkəran” klubunun yaradılmasında tanınmış futbol adamı, iki dəfə bu klubun baş məşqçisi olmuş Nazim Süleymanov yaxından iştirak edib. Mütəxəssis 2004-cü ildə Lənkəranda futbol klubunun yaradılması prosesini belə xatırlayır: “Klubun yaradılmasında Zeynal Nağdəliyevin böyük rolu olub. Təşəbbüsü o irəli sürmüşdü və daha sonra Mübariz müəllimlə görüşümüz baş tutdu. Mübariz Mənsimov vətənini, doğma el-obasını sevən adamdır. Bu təşəbbüsə müsbət yanaşdı və əlindən gələn hər şeyi edəcəyinə söz verdi. Beləliklə belə böyük bir işə başlamış olduq. Məncə, futbol klubu özü özlüyündə bir məktəb-institutdur. Həmin vaxt Lənkəranda böyük bir institutun təməli qoyuldu”.

 

Nazim Süleymanov hesab edir ki, “Xəzər Lənkəran” klubu zaman-zaman ölkə çempionluqları, kuboklar qazansa da, əsas məqsədinə hələ də nail ola bilməyib: “ “Xəzər  Lənkəran” Ağasəlim Mircavadovun vaxtında qızıl dubl etdi. Bir mövsümdə həm çempionluğu, həm də kuboku qazandı. Az sonra “Birlik” kubokunu da qazandılar. Lakin bunun ardı gəlməli idi. Amma gözlədiyimiz kimi olmadı və düşünürəm ki, bundan sonra oturub yaxşı-yaxşı fikirləşmək lazım idi. Komandada nələrisə kökündən dəyişməyə ehtiyac vardı. Hər halda 2006-2007-ci illər mövsümü Lənkəran təmsilçisinin ən uğurlu dövrü kimi yadda qaldı. Bu mövsüm də inanıram ki, “Xəzər Lənkəran” ölkə kubokunu qazanıb Avropaya çıxa biləcək”.

 

 

Rəqib tapmaq çətin olmadı – “Neftçi”

 

Bəzi ölkələrdə futbol klublarının inkişaf edib böyüməsi üçün güclü rəqabət mühitinin yaranması vacib şərtdir. Azərbaycanda da “Xəzər Lənkəran”ın inkişafında, daha da böyüyüb iddialı olmasında əsas rəqib faktoru az olmadı. Klub yaranan kimi həmin rəqib tapıldı – “Neftçi”. Bəlkə də 2004-cü il mövsümünün çəkişməsi və sonluqdakı “qızıl oyun” bu rəqabəti alovlandırdı. Lakin istənilən halda komandanın iddialarını qoruması və rəqabət aparması üçün rəqib tapılmışdı. Elə həmin vaxtlar “Neftçi”dən Lənkərana gələn Ağasəlim Mircavadov da yanan ocağın üstünə benzin tökmüş oldu. Mircavadov o illəri belə xatırlayır: “2006-cı ildə “Neftçi” ilə müqavilə müddətim başa çatmışdı. Çox keçmədən Lənkərana dəvət etdilər. Həmin vaxt və gedib Mübariz müəllimlə, Mais müəllimlə söhbət etdik. Düzü o vaxtlar Mübariz müəllimin Azərbaycan futboluna gəlməsi böyük inqilab oldu. Çoxları bu klubdan danışırdı. Ölkə futboluna maliyyə axını yeni-yeni başlayırdı. Onda cəmi 3 klub: Rövnəq Abdullayev “Neftçi”də, Hafiz Məmmədov “Bakı”da və Mübariz Mənsimov “Xəzər Lənkəran”da bu işə başlamışdı. Ümumiyyətlə Mübariz Mənsimov “Xəzər Lənkəran”ın inkişafı üçün çox iş gördü. 10 ilə yaxın idi ki, Lənkəranda futbol yox idi. Bu insan gəldi və işi qurdu. Özü də çox iddialı idilər”.

 

Ağasəlim Mircavadov Lənkəranda uğur qazanmasını gərgin iş, gözəl kollektiv və bütövləşmiş məqsəd birliyi ilə izah edir: “Bəlkə də mənim bəxtimdən belə alınıb, işlədiyim komandalarda gözəl kollektiv, necə deyərlər ailə formalaşıb. 90-cı illərin əvvəlində “Qarabağ”da, sonra “Şəmkir”də, “Neftçi”də, eləcə də “Xəzər Lənkəran”da...”

 

Piknikə gedirdik, şənliklər keçirirdik, tonqal qalayırdıq...

 

Azərbaycanının titullu məşqçisi ünvanını özündə bərk-bərk saxlayan Ağasəlim Mircavadov hesab edir ki, Lənkəranda komanda üzvləri üçün yaradılmış şərait, xoş mühit və möhkəm bağlar başqa yerdə olmayıb: “Lənkəranda komanda azarkeşləri, stadion işçiləri, klub rəhbərliyi ilə birlikdə bir ailə kimi idi. Yadımdadır, mən Lənkəranda işlədiyim iki il ərzində hər il Novruz bayramını klubda azarkeşlərlə birgə qeyd edirdik. Gəlirdilər bazaya, oturub bir yerdə bayramı qeyd edirdik. Hələ azarkeşlərlə, klub işçiləri ilə birgə tonqal da qalayıb üstündən atlanmışıq (gülür). Bundan başqa namaz qılan futbolçular azarkeşlərlə birlikdə namaz qılırdılar, birgə orucu açırdılar. Həm də ayda bir-iki dəfə kollektiv şəkildə piknikə çıxırdıq. Klub rəhbərliyi, futbolçuların ailələri ilə birlikdə dağlara, görməli yerlərə gəzintiyə çıxırdıq, açıq səma altında yeyib-içib söhbət edirdik və bütün bunlar əcnəbi futbolçulara da müsbət təsir edirdi. Oyunçularla birlikdə klub rəhbərliyi, Mais müəllim də hər dəfə gəzintidə iştirak edirdi. Hətta komandanın mühafizəçiləri, stadiondakı texniki işçilər də bizə qoşulurdu. Yəni biz birlikdə gözəl ailə idik və nəticədə meydanda da uğur qazana bilirdik”.

 

Azarkeşlər bizim üçün xüsusi qüvvədir

 

Qəribədir ki, Azərbaycan futbolunda klublar az-çox uğur qazananda ölkədə nə qədər səviyyəli əcnəbi futbolçular olsa da, və ya səviyyəli hesab edilən oyunçuların ağır basdığı deyilsə də, hər dəfə həmin uğurlu nəticənin qazanmasında yerli oyunçuların payı çox olub. Ağasəlim Mircavadov da “Xəzər Lənkəran”ın ən uğurlu illərində yerli oyunçuların əsas yükün altına girdiyini bildirdi və qeyd etdi ki, 2006-2007-ci illər mövsümündəki kuboklar məhz yerli futbolçuların sayəsində əldə edilib: “Məncə komandanın heyətində 60-70 faiz yerli səviyyəli futbolçuların olması uğuru şərtləndirir. Elə qismət olub ki, işlədiyim komandalarda hər dəfə yaxşı yerli oyunçular olurdu. Konkret futbolçu adı çəkmək istəmirəm, hamısı canla-başla oynayırdı. “Xəzər Lənkəran”ın uğurunun sirrə də bundadır. Həm də çalışırdıq ki, bütün vaxtlarımızdan, hər saatdan, hər dəqiqədən səmərəli istifadə edək”.

 

Hələlik “Xəzər Lənkəran”ın ən böyük uğuru 2006-2007-ci illərdəki “qızıl dubl”la yekunlaşır. Lakin geridə qalan 10 ildə Lənkəran şəhərinə yaşadılan futbol həyəcanı, komandaya qoşulan tanınmış futbolçu və məşqçilər də bu klubun iddialarını, məqsədini açıq nümayiş etdirir. Bu müddət ərzində Lənkəranda tikilmiş stadion və sonuncu olaraq Türkiyənin ən tanınmış iki futbol məşqçisindən birinin – Mustafa Dənizlinin Azərbaycana gətirilməsi böyük uğur kimi qiymətləndirilməlidir. Lakin azarkeşlər hələ də razı deyil. Onlar Lənkəranda Çempionlar Liqasının, heç olmasa Avropa Liqasının qrup mərhələsinin oyunlarını izləmək istəyirlər. “Xəzər Lənkəran” stadionunun direktoru Höccət Hacıyev də düşünür ki, komandanın uğurları hələ qabaqdadır: “2006-2007-ci illər mövsümündəki qızıl dubl kollektiv əməyin və ailə mühitinin nəticəsi idi. Ağasəlim müəllim başda olmaqla komanda bir ailə kimi formalaşmışdı. Bu işdə azarkeşlər də böyük rol oynayır. Ümumiyyətlə komandamız üçün azarkeşlər xüsusi qüvvədir. Bizdə azarkeşlərin fikirləri, rəyləri həmişə dəyərləndirilib və dəyərləndirilir. Yadımdadır, kubokları Lənkərana gətirən kimi stadionda möhtəşəm konsert təşkil etdik. 18 mindən çox azarkeş gəlmişdi konsertə. Bundan sonra da belə davam edəcək. Daha böyük uğurlar qazanacağıq, Avropanın böyük klublarını Lənkəranda qəbul edəcəyik. Azarkeşlərimizə böyük hədiyyələr bəxş edəcəyik”.

 

Höccət Hacıyev bildirdi ki, stadion hər zaman futbolçuların şənliklərinin keçirilməsi üçün hazırdır: “Biz həmişə futbolçuların ad günlərini, bayram şənliklərini təşkil etməyə həvəsliyik. “Qızıl dubl”un qazanıldığı ildə onlarla belə məclis keçirilmişdi. İnşallah bundan sonra da belə davam edər”.

 

Çətin günlər yaşamırıq, işlər yolunda da deyil...

 

Azərbaycan futboluna cənub dalğası kimi daxil olan “Xəzər Lənkəran” indi “çətin günlərini yaşayır” deyə bilmərik. Amma “hər şey yolunda gedir” söyləmək də doğru olmaz. Nazim Süleymanov komandanın hazırkı durumunu belə qiymətləndirir: “Biz həmin vaxt 8 yaşlı uşaqları kluba yığsaydıq indi onların 18 yaşı olardı, digər yaş qrupları da həmçinin. Təəssüf ki, bu məsələ bir qədər kölgədə qaldı. Yoxsa Lənkərandan xeyli böyük futbolçular çıxardı. Komandanın heyəti də indiki kimi əcnəbi futbolçularla doldurulmazdı. Düşünürəm ki, klub rəhbərliyi başladığı işə kompleks yanaşmalı və uzunmüddətli hədəflər qoyub təmkinlə bu işə davam etməlidir”.

 

Ağasəlim Mircavadov də “Xəzər Lənkəran”ın hələ uzun müddət Azərbaycan futbolunun elitasında olacağına inanır: “Salyandan üzü o tərəfə futbolu çox sevirlər. Yadımdadır, Lənkərandakı oyunlara Lerikdən də gələnlər olurdu. Onlar hər dəfə xahiş edirdilər ki, oyunlar bir qədər tez keçirilsin və gəlib-qayıtmağa rahat olsun. Hər dəfə məşqimizə baxmağa 2000-2500 azarkeş gəlirdi. Komandaya sevgi də tələb də çox idi. İndi də belədir. Mən düşünürəm ki, “Xəzər Lənkəran”ın uğurları hələ qabaqdadır. Komandanın qarşısında Avropaya çıxmaq və özünü Avropada göstərmək hədəfi var. Məncə gec-tez komanda bu hədəfinə çatacaq”.

 

Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”la bağlı bəzi ideyalarının olduğunu da bildirdi: “Mən təklif edirdim ki, klubun internatı da yaradılsın. Halbuki artıq akademiya açılmışdı. Amma internat modeli daha effektivdir. Uşaqlar burda həm dərs keçsinlər həm də qalıb futbol oynasınlar. Alınmadı, amma inanıram ki, gec-tez bu layihə baş tutacaq”.

 

Lənkəran komandası üçün son söz

 

2008-ci ilin soyuq qışında “Xəzər Lənkəran”ın Moskvada “Birlik Kuboku”nu qazanması Azərbaycana, xüsusi ilə də Cənub bölgəsinə böyük istilik gətirdi. Final oyununu izləyən FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini, Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko komandamızı əzmkar qələbəyə görə ayaq üstdə alqışladı. Bakıya qayıdan komandanı prezident İlham Əliyev qəbul edərək təbrik etdi. Elə həmin görüşdə klubun fəxri prezidenti Mübariz Mənsimov çıxışında bildirdi ki, ölkəmizin adını uca tutmaq üçün bundan sonra daha böyük qüvvə ilə çalışacaqlar.

 

...Mübariz Mənsimov sözünün üstündə durdu. Kimsə deyə bilməz ki, o, klub üçün nəyisə əsirgəyib. Beləliklə, növbə komandanındır. Biz də inanırıq ki, “Xəzər Lənkəran” Azərbaycan futbolunun, azarkeşlərin və klub prezidentinin başını bundan sonra da uca tutmağa layiq olacaq.

 

Nizam Rza

İdman Araşdırmalar Mərkəzinin “Xəzər Lənkəran” futbol klubunun 10 illik yubileyi münasibətilə elan etdiyi müsabiqəyə təqdim etmək üçün

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147
avatar

Nizam Rza

Oxşar yazılar