“Xəzər Lənkəran” futbol komandası tarixində 100-cü heç-heçəyə imza atıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yubiley “sülh”ü Topaz Premyer Liqasının IX turunun “Rəvan”la Bakıdakı oyununa təsadüf edib – 1:1.
Tarixinin ilk rəsmi oyununda “Turan”la səfərdə heç-heçə edən “ağ-yaşıllar” 100-cü bərabərliyinə 356-cı matçında nail olub. Bunun 80-i Premyer Liqa, 12-si Azərbaycan Kuboku, 7-si avrokuboklar, 1-i “Birlik Kuboku”nda qeydə alınıb. Avrokuboklardakı bərabərliklərin 1-i Çempionlar Liqası, 6-sı əvvəllər UEFA Kuboku adlanan Avropa Liqasına təsadüf edib. Bunlardan 51-i evdə, 46-sı səfərdə qeydə alınıb. Daha 3 bərabərlik isə neytral meydanlarda gerçəkləşib. Premyer Liqadakı 80-ci heç-heçə həm də çempionatda 40-cı səfər “sülh”ü olub. Komanda 3 müxtəlif hesablı heç-heçəyə nail olub. 100 bərabərlikdən 15-i 2:2, 44-ü 1:1 və 41-i 0:0 hesabı ilə başa çatıb.
Baş məşqçilərdən Ağasəlim Mircavadov 32, Mirça Rednik 19, Yunis Hüseynov 10, Con Toşak 9, Rasim Kara 8, Viktor Pasulko 7, Nazim Süleymanov və İqor Ponomaryov hərəyə 4, Karles Martorell Bakes 3 heç-heçəyə şahid olub. Şenol Fidan, Cüneyt Biçər, Hafiz Əliyev və Emin Quliyev isə komandanı meydana çıxardığı matçlarda hərəyə 1 dəfə “sülh”lə kifayətlənib.
1-ci heç-heçə
07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1
50-ci heç-heçə
13.02.2010 “Xəzər Lənkəran” – “Qarabağ” – 0:0
100-cü heç-heçə
04.10.2013 “Rəvan” – “Xəzər Lənkəran” 1:1.