“Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyev Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Makkabi”yə (Hayfa) 0:8 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
- Meydanda nə baş verdi: Hesabı belə rüsvayçı olacağı ağlınıza gəlirdi?
-Allaha and olsun, inana bilmirəm. Ola bilsin kiminsə vecinə deyil. Şəxsən nəticə məni şoka salıb. Karyeramda hələ belə şey olmamışdı.
- Nəinki sizin, indiyədək heç bir komandamız avrokuboklarda keçirdiyi oyunda öz meydanında 0:8 hesabı ilə uduzmayıb...
- Bircə onu bilirəm ki, mənim özümə gəlməyim aylarla vaxt aparacaq. Sanki yuxudayam, hələ ayılmamışam. Oyun qurtarıb, amma mənə elə gəlir ki, qarşılaşma sabah olacaq.
- Baş məşqçi Con Toşak mətbuat konfransında belə bir fikir səsləndirdi ki, ola bilsin bəzi futbolçular onun istefasına sevinsin. Necə fikirləşirsiz, uelsli mütəxəssisə qarşı belə fikir ola bilərmi?
- Bu haqda nəsə fikir yürüdə, kiminsə adından danışa bilmərəm. Əgər hansısa futbolçu məşqçinin istefasına istəyirsə, buna sevinirsə gedib sənətini dəyişsə yaxşıdır.
- Sizə elə gəlmir ki, “Xəzər Lənkəran” şansını ilk epizodda – Zohair Benouahinin qapıçı ilə təkbətək qaldığı epizodda boşa verməsindən sonra itirdi?
- İnanırsız, həmin epizodda hesabı açsaydıq, nəticə belə olmayacaqdı. Bəlkə də bizi böyük hesabla – 4:0, 5:0 hesabı ilə qələbə qazanardıq. Ola bilsin bu sözlərimdən sonra sizi gülmək tutsun. Amma mən millidə, klubda beynəlxalq görüşlərdə çox iştirak etmişəm. Hər şeyi bilirəm, futbolda belə şeylər olur. Biz sadəcə həmin epizodun boşa verilməsindən sonra “yandıq”. Allah bizə şans verdi, amma istifadə edə bilmədik.
- Toşak biabırçı məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb. Sizcə, bütün günah məşqçidədi?
- Xeyr, günah mən də daxil olmaqla bütün futbolçulardadır. Meydanda Toşak yox, futbolçular oynayır. O. bizə düzgün taktika tapşırmışdı. Sadəcə, onu icra edə bilmədik.
- Azarkeşlərin Toşakı istefaya səsləməsini necə qarşıladız?
- Çox pis. Mən elə azarkeşlərlə onun davasını edirdim. Toşak 6 aydı gəlib, ondan hansı nəticəni gözləyirlər?
- Nəticə “Xəzər Lənkəran”ın tarixinə qara hərflərlə yazıldı. Komanda bu ləkəni öz üzərindən necə götürə bilər?
- Vallah, bilmirəm. Yuxudayam. “Makkabi” ilə bundan sonra bir neçə oyun keçirsək, bu hesabla uduzmarıq. Amma niyə belə oldu, söz tapmıram.