“Rəvan” indi də futbolçularını qovdu
20 avqust 2013 18:10 (UTC +04:00)

“Rəvan” indi də futbolçularını qovdu

Topaz Premyer Liqasının II turundan sonra baş məşqçi Ramil Əliyevi istefaya göndərən Bakının “Rəvan” klubu bu dəfə futbolçuları ilə vidalaşıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın yeni baş məşqçisi Vladislav Qədirov III turda “Bakı”ya 0:5 hesablı məğlubiyyətdən sonra rəhbərliklə görüşüb.

 

Görüşdə 42 yaşlı mütəxəssisin oyun və nəticə barədə hesabatı dinlənilib və uğursuzluq zolağından çıxmağın yolları müzakirə olunub. Onu dəstəkləyən klub rəsmiləri  heyətə "əl gəzdirmək” izni də verib.

 

Artıq baş məşqçi islahatlara başlayıb. Təxminən 1 həftədir komandanın "sükan”ını idarə edən V. Qədirov məşqlərdə və konkret "Bakı” ilə matçda gördüklərinə əsasən, 2 futbolçunu əsas komandadan uzaqlaşdırıb. Nodar Məmmədov və Bəxtiyar Soltanovla qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

 

“Rəvan” növbəti turda “İnter”lə üz-üzə gələcək. O, bu oyuna hazırlıq zamanı son matçdakı acı məğlubiyyətlə bağlı futbolçulara ciddi iradını bildirib. Məşq həmin səhvlərin aradan qaldırılmasına həsr olunub. Futbolçularla tək-tək söhbət edib və onlardan nə tələb etdiyini bir daha oyunçuların diqqətinə çatdırıb. O, hətta son oyunda buraxılan səhvlərin bir daha təkrarlanmaması üçün bəzi detalları bir neçə dəfə xüsusi vurğulayıb.

 

Qeyd edək ki, avqustun 25-də “Bayıl Arena”da keçiriləcək “Rəvan” – “İnter” matçı saat 20:00-da başlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716
avatar

Oxşar yazılar