Daha bir klub futbol üzrə Topaz Premyer Liqasının III turunda hakim idarəçiliyinə rəsmən etiraz edib. Lent.az-ın məlumatına görə, bu dəfə “Qəbələ” “Sumqayıt”la səfər matçının hakimlər briqadasının idarəçiliyini qərəzli sayıb.
Klubun rəsmi saytında bildirilir ki, məhz bu səbəbdən, “Qəbələ” çempionatda ilk məğlubiyyətini alıb – 1:2.
“Bəyan edirik ki, klubumuz çempionatda medallar uğrunda deyil, hər şeydən öncə şəffaflıq uğrunda mübarizə aparacaq. Amma Azərbaycan futboluna zərrə qədər xeyri dəyməyən Rəhim Həsənov, Orxan Məmmədov, Rövşən Acalov kimi “hakimlər”in nə haqqı var ki, bu ölkədə futbolun şəffaflığı və inkişafı üçün milyonlar xərcləyən insanların əziyyətini hər vəchlə yerə vursunlar. Özü də bu hadisələr – “Sumqayıt”ın qapısına 2 penaltinin verilməməsi, 2 tura cəmi 1 sarı vərəqə alan “Qəbələ”nin oyunçularının hər qayda pozuntusuna sarı vərəqə göstərilməsi, rəqibin isə ən kobud “cərimələri”nə göz yumması - matçı tribunadan izləyən AFFA-nın baş katibi Elxan Məmmədovun gözü qarşısında baş verir. Daim imkanlı şəxsləri, böyük şirkətləri futbola cəlb etməyin vacibliyi vurğulanır. Sizcə hansı imkanlı şəxs, böyük şirkətin rəhbəri futbol biliyi şübhə altında olan orxanların, rəhimlərin öz hissiyatı, ləyaqəti ilə oynamasına razı olar?” deyə bəyanatda vurğulanır. .
“Qəbələ” bildirir ki, Peşəkar Futbol Liqasının, Hakimlər Komitəsinin daim müdafiə etdiyi, səhvlərini təcrübəsizliklə əlaqələndirdikləri bu gənc hakimlərə inama, dəstəyə baxmayaraq, heç də deyildiyi qədər “ədalətli”, “təmiz” və “perspektivli” deyillər. Əksinə, “təcrübəsiz gənclər” artıq sifarişlər üçün hazırdırlar.