"Qəbələ" klubunun futbolçu Marat İzmaylovun icarə əsasında keçidi üçün Portuqaliya "Portu"su və futbolçunun ilə apardığı danışıqlar müsbət nəticələnib. Lent.az-ın əyalət klubunun rəsmi saytına istinadən məlumatına görə, rusiyalı hücumameylli yarımmüdafiəçi ilə iyunun 30-dək müqavilə imzalanıb.
1982-ci ildə Moskvada anadan olan İzmaylov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Lokomotiv"in əvəzedici heyətində başlayıb. Moskva təmsilçisinin ikinci komandasında 18 oyun keçirən və 1 qola imza atan futbolçu qısa müddət sonra "Lokomotiv"in əsas heyətində debüt edib. O, “dəmiryolçular"ın heyətində 7 il ərzində 2 dəfə Rusiya çempionluğu sevinci yaşayıb, 1 dəfə Rusiya Kubokuna, 2 dəfə isə Rusiya Superkubokuna sahib olub. 2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən İzmaylov "Sportinq" (2007 - 2013) və "Portu"nun (2013) şərəfini qoruyub. Futbolçu "Sportinq"in heyətində 1 dəfə Portuqaliya Kubokunun, 2 dəfə Portuqaliya Superkubokunun qalibi olub. İzmaylov Portuqaliya çempionluğu sevincini isə ötən mövsüm "Portu"da yaşayıb. O, həm də ölkə Superkubokuna sahib olub. 35 dəfə Rusiya yığmasının formasını geyinən İzmaylovun hesabında 2 qol var.