“Qəbələ” İdman Klubu yeni sponsorla əməkdaşlığa başlayır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Pepsi Cola Azerbaijan” arasında imzalanan müqaviləyə əsasən, “Qəbələ”nin bütün futbol komandaları 2013/14 mövsümündə üzərində “Pepsi” reklamı əks olunan formalar geyinəcək. “Pepsi” reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində də yerləşdiriləcək.
Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət, yaxud marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.
“Pepsi Cola Azerbaijan” şirkətinin satış və marketinq müdiri Azər Cəfərov əməkdaşlıqla bağlı bu fikirləri səsləndirib: “İdman və xüsusilə, futbol “Pepsi” üçün yad sahə deyil. Hamıya məlumdur ki, “Pepsi” bugünə qədər bir çox mötəbər beynəlxalq yarışın sponsorlarından olmuşdur. Azərbaycanda bu fəaliyyətə “Qəbələ” İdman Klubu ilə başlamağımız da təsadufi deyil. Xüsusən, “Qəbələ” klubunun uşaq futboluna göstərdiyi qayğının şirkətimizin sosial məsuliyyət fəaliyyəti ilə səsləşməsi diqqətimizi cəlb etdi. Müqavilə hələlik bir illik imzalandı. Amma əməkdaşlığın daha uzun müddəti əhatə edəcəyini düşünürəm”.
“Qəbələ” İdman Klubunun Media və Marketinq meneceri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı deyib ki, «Pepsi Cola” kimi qlobal bir brendlə əməkdaşlıq etmək klubları üçün çox mühüm hadisədir: Çünki bizim əsas məqsədimiz futbol sahəsində ölkəmizin bir nömrəli markası olmaqdır. Bu hədəfə səbrlə və doğru addımlarla çatmaq vacibdir. Şübhə yoxdur ki, bu əməkdaşlıq bu yolda bizə böyük bir təkan verəcək”.
Qeyd edək ki, “Qəbələ” futbolçuları ötən 3 mövsüm ərzində də meydançaya bir digər qlobal brend - “Hyundai” reklamlı formalarla çıxmışdı.
“Qəbələ” yeni sponsorla əməkdaşlığa başlayır
976