“Qarabağ” yenə qrup mərhələsinin astanasında büdrədi
Ağdamın “Qarabağ” klubu futbol üzrə Avropa Liqasında Almaniya “Ayntraxt”I ilə ilk “pley-off” matçını keçirib. Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb – 0:2.
Hər iki qolu “Ayntraxt”ın kapitanı Aleksandr Mayer vurub. Onun 6-cı və 75-ci dəqiqələrdə endirdiyi zərbələr dəqiq olub.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov start heyətində 3 yerli oyunçuya şans verib. Bunlar kapitan Rəşad Sadıqov, müdafiəçi Maksim Medvedev və yarımmüdafiəçi Qara Qarayev olub. Qapını Miro Varvodiç qoruyub. Müdafiənin mərkəzində Rəşad Sadıqovla Admir Teli, solda Ansi Aqolli, sağda Maksim Medvedev yer alıb. Müdafiəçilərin önündə Qara Qarayev və Riçard Almeyda çıxış edib. Ondan irəlidə daha bir braziliyalı Çumbinyo, hücum xəttinin solunda Muarrem Muarrem, sağında Leroy Corc, mərkəzdə isə Nikolas Gelaşvili oynayıb.
İlk dəqiqələrdən “pressinq” tətbiq edən “Ayntraxt” “Qarabağ”ın start həyəcanını boğa bilməməsindən yararlanıb. Məhz bu vaxt Mayer lider keyfiyyətlərini ortaya qoyaraq, ona ötürülən topu ustalıqla meydan sahiblərinin qapısına göndərib.
Bundan sonra “Qarabağ” tədricən özünə gəlməyə başlayıb. Müəyyən epizodlarda rəqibə çətin anlar yaşadan Ağdam təmsilçisinin fərqlənmək istəyi baş tutmayıb. Fasilədən sonra Qurbanovun etdiyi dəyişikliklər meydan sahiblərinin oyununda canlanma yaradıb. Namiq Yusifov, Ulrix Kapolonqo və Vüqar Nadirovun oyuna qoşulması ilə “Qarabağ” daha təhlükəli epizodlar yaxalayıb. Amma qolu yenə “Ayntraxt” vurub. Əks-hücum nəticəsində Mayer müdafiəçiləri aldadaraq, “dubl” edib.
Beləliklə, “Qarabağ” evdə 0:2 hesabı ilə uduzaraq, qrup mərhələsi şanslarını çətinləşdirib. Cavab görüşü avqustun 29-da Frakfurtda olacaq.
“Qarabağ” yenə qrup mərhələsinin astanasında büdrədi
999