Türkiyənin “Qalatasaray” klubunda baş məşqçi Fatih Terimlə komandanın aparıcı futbolçusu Burak Yılmazın münasibətlərində soyuqluq yaranıb. Lent.az-ın məlumatına görə, səbəb məşhur qolçunun “Fənərbağça” ilə Superkubok matçına hazır olmadığını deməsi olub.
Matçdan bir gün öncə keçirilən toplantıdan sonra Terim köməkçisi Ümit Davalanı göndərərək, Yılmazın durumunu öyrənmək istəyib. Hücumçu isə zədədən yenicə qayıtdığını bildirib və məşq praktikasının azlığını önə çəkib. Öz növbəsində, Terim Burakın oynamaq istəyində olmadığı qənaətinə gəlib. Buna görə də “Fənər”lə görüşdə ona şans verməyib. Hətta oyuna əlavə olunan dəqiqələrdə də baş məşqçi meydana Umut Bulutu buraxıb.
Oyunun ardından mətbuatda Terimin Burakla dalaşdığına dair xəbərlər yazılıb. Baş məşqçi isə bu xəbərlərə belə reaksiya verib: “Heç bir oyunçu mənimlə dava edə bilməz”.
Təcrübəli mütəxəssisin hazırda Türkiyə yığmasının düşərgəsində olan futbolçu ilə kluba qayıdışından sonra söhbət edəcəyi gözlənilir. Böyük ehtimalla, Burak Superliqanın ilk turunda “Qaziantepspor”a qarşı forma geyinəcək.