Özbəkistanın veteran futbolçulardan ibarət yığma komandası Bakıya gələcək. Bu barədə Lent.az-a Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, səfər Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə baş tutacaq: “Mayın əvvəllərində biz Özbəkistanda olmuş və Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bu ölkənin veteranlar komandası ilə üz-üzə gəlmişdik. Həmin vaxt belə bir görüşün Bakıda da təşkilinə dair razılığa gəlmişdik. Özbəkistanlı veteranların səfəri noyabrın 14-də gerçəkləşəcək”.
Qonaq komanda ilə Azərbaycanın veteran futbolçulardan ibarət yığması arasında yoldaşlıq görüşü noyabrın 16-da keçirəcək. Özbəkistanlı futbolçular arasında “Neftçi”nin sabiq müdafiəçisi Mustafa Bilalov da var. Hazırda 56 yaşında olan Bilalov 1985 – 1987-ci illərdə “Neftçi”nin şərəfini qoruyub.
Qeyd edək ki, Özbəkistan yığması Bakını noyabrın 18-də tərk edəcək. Bakıda olduqları müddətdə qonaqlar Azərbaycan paytaxtı ilə yaxından tanışlıq imkanı da qazanacaqlar.