“Neftçi”nin prezidenti: “Səhhətim çox pisdir” – MÜSAHİBƏ
24 oktyabr 2013 14:58 (UTC +04:00)

“Neftçi”nin prezidenti: “Səhhətim çox pisdir” – MÜSAHİBƏ

“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov “Xəzər Lənkəran”la Azərbaycan Superkuboku uğrunda oyundan dərhal sonra Lent.az-ın Naxçıvana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. O, komandanın məşqçilər heyətinin istefasından tutmuş öz səhhətinədək şok açıqlamalar verib…

 

- Oyun barədə nə deyə bilərsiniz?

 

- Belə oyun barədə nə deyim? Futbolda kim istəklidirsə, o da qalib gəlir. Düzdür, məğlub durumda olmasına baxmayaraq, “Neftçi” bərabərlik qolunu vura bildi. Amma son dəqiqələrdə daha bir top buraxaraq, məğlub olduq. Məğlubiyyəti də normal qəbul etmək lazımdır. Bu gün rəqibdən zəif idik və uduzduq.

 

- Komandanızı tanıya bildiniz?

 

- Əsla. Özüm əslən Naxçıvandanam. Bu gün öz doğma yurduma gəlmişdim. İstəyirdim ki, klubumuz burada da azarkeşlərə qələbə bəxş etsin. Amma nədənsə, “Neftçi”nin oyunu alınmadı. “Xəzər Lənkəran” isə layiqli qələbə qazandı. Həm bu, həm də 10 illik yubileyi münasibətilə rəqib komandanı təbrik edirəm. Oyundur, hər şey ola bilər.

 

- İndiyədək “Neftçi”yə məşqçilər korpusu rəhbərlik edirdi. Düşünmürsünüz ki, bu nəticədən və belə oyundan sonra komandada yeni baş məşqçi məsələsinə aydınlıq gələ bilər?

 

- Yəqin ki... Sanki komandada istək yox idi. Elə bil medaldan doyublar. Nə isə dəyişiklik etmək lazımdır ki, medal aclığı, medal istəyi olsun. “Xəzər Lənkəran”ın istəyi “Neftçi”dən çox-çox yüksək idi. Ona görə də qalib gəldi.

 

- Məşqçilər Şurası bütövlüklə istefaya göndəriləcək?

 

- Bu məsələyə baxılacaq, yaxın günlərdə klubun şurasında müzakirəyə qoyulacaq və çıxarılan qərar barədə mətbuata geniş məlumat veriləcək.    

 

- Böyükağa Hacıyevin baş məşqçi postuna qayıdışı mümkündür?

 

- Xeyr. Böyükağa müəllim istefa verib. Elə məsələlər var ki, burada açıqlaya bilmərəm. Bilirsiniz, onun səhhətində də problemlər var. Amma yenə bizim yanımızdadır. Müşavirimdir. Bizə yeni bir güc, yeni baş məşqçi gəlməlidir. Yaxşı formalaşmış komandamız var. Amma Hacıyevin baş məşqçi təyin olunması gündəlikdə deyil.

 

- Bir müddətdir ki, özünüzün də “Neftçi”nin prezidenti postundan ayrılmaq istədiyinizə dair xəbərlər dolaşır...

 

- Bilirsiniz, mən yorulmuşam. Həqiqətən yorulmuşam. Mən idman adamıyam, bütün günü idmanın içindəyəm. Mən idmançılarımızın qələbəsi, məğlubiyyəti ilə yaşayıram. Özümün səhhətində də bəzi problemlər var. Bu günədək heç kimə müraciət etməmişəm. Amma görürəm ki, gündən-günə gücüm tükənir. Bu gün sağ-salamatıqsa, böyük şeydir. Səhhətimdə problemlər olduğundan, klubdan getməyi düşünürdüm. İstəyirdim ki, yeni rəhbərlik gəlsin, yeni heyət qursun. “Neftçi” ardıcıl 3 mövsüm çempion oldu, Avropa Liqasının qrup mərhələsinə düşdü. Nəyin bahasına düşdü, onu bir Allah bilir. Sağlıq durumu da öz sözünü deyir. Ona görə söz-söhbət var idi. Özüm bunu istəyirdim. Nə bilim... “Arzudan arzu doğur” deyiblər. Elə hey sabahı gözləyərək qalmışıq. Amma yenə deyirəm, vallah-billah, səhhətimlə bağlı vəziyyət çox pisdir. Həddən artıq pisdir. Burda durmuşam, oyuna baxıram, amma vəziyyətim elədir ki, sözlə ifadə edə bilmirəm. Mən də həyəcanlı insanam. Gücüm də tükənib. Qalmaqallar-filanlar... Hamısını bu 3 ildə yaşadıq. Nə bilim, vallah... Qismət Allahdandır. İnşallah, baxarıq görək nə olur?

 

- Getməyinizə mane olan nədir? Bəlkə klub daxilindən getməyinizi istəmirlər?

 

- Bizim çox yaxşı kollektivimiz var. Futbolçularla prezident kimi yox, dost münasibətində olmuşam. Amma bu gün özüm tükənirəm, gücüm tükənir. Mən futbol sahəsinə gələndə futbolun bu qədər həyəcanlı, bu qədər qalmaqallı oyun olduğunu bilmirdim. Mən heç vaxt qalmaqalı sevməmişəm. Həyatım boyunca adım heç bir qalmaqalda hallanmayıb. Bu gərginliklər mənim sağlamlığıma çox ziyan vurub. Hətta indi mükafatlandırma mərasiminin keçirildiyi yerə getməyə halım yoxdur. Məsələ bundadır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Oxşar yazılar