AFFA İntizam Komitəsi “Neftçi” klubunu sərt cəzalandırıb. Lent.az-ın məlumatına görə, buna flaqmanın Topaz Premyer Liqasının XVIII turunda AZAL-la keçirdiyi oyunda baş verənlər səbəb olub.
80-ci dəqiqədə “Neftçi”nin futbolçusu Mahir Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün ona 1 oyunluq cəza, klubuna 200 manat cərimə kəsilib. Bundan 3 dəqiqə sonra “ağ-qaralar”ın daha bir futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq qovulub. Yunuszadə 2 oyunluq cəzalanır, klubu 2000 manat cərimələnib.
Elə həmin vaxt flaqmanın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimləri təhqir etməsi səbəbindən 5 oyunluq cəzaya, klubu 5000 manat cəriməyə məhkum edilib. Qarşılaşma başa çatdıqdan sonra “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov eyni hərəkətə yol verib. Ona da 5 oyunluq cəza, klubuna 5000 manat cərimə kəsilib.
Əvəzində AZAL 7 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ziyana düşüb. “Bakı” ilə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “Qəbələ” də eyni miqdarda cərimələnib. Qəbələdəki görüşün 90+2-ci dəqiqəsində “Bakı”nın müdafiəçisi Şəhriyar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
Nəhayət, “Simurq”la oyunun 59-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Mişel Balokoq kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb.