Bu gün “Neftçi” futbol komandası Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab oyununu keçirəcək. Lent.az-ın məlumatına görə, flaqman Albaniyada “Skenderbeu” klubunun qonağı olacaq.
İyulun 17-də bu komandalar arasında Bakıda baş tutmuş matçda hesab açılmayıb – 0:0. Bu nəticə isə Albaniya təmsilçisinə müəyyən üstünlük verir. Çünki onlar səfərdə məğlub ayrılmayıblar və indi doğma azarkeşlər qarşısında oynayacaqlar. “Neftçi” isə bu dəfə nəinki uduzmamalı, hətta səfərdə qol vurmağı bacarmalıdır. Azərbaycan çempionu qollu heç-heçəyə nail olduğu halda da növbəti mərhələyə adlaya bilər.
Elə ilk görüşdən sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev də “Skenderbeu” səddini keçəcəklərinə söz verib. O bildirib ki, “ağ-qaralar” nəinki Albaniya çempionunu, hətta III təsnifat mərhələsində flaqmana rəqib olacaq BATE (Belarus) – “Şaxtyor” (Karaqanda, Qazaxıstan) cütünün qalibini üstələyəcək.
“Skenderbeu”nun baş məşqçisi Mirel Yosa isə ehtiyatlı danışıb: “İlk qarşılaşmada uduzmadığımızdan indi də qorxmuruq. Sadəcə ehtiyatlı olmalıyıq. Arxaya çəkilib müdafiə olunmamalıyıq. Amma həddən artıq diqqətli olmaq fikrindəyik. Arxaya çəkilməklə “Neftçi”yə açıq meydan vermək olmaz. Bu üzdən orta sahədə daha sərt oynamalı, imkan düşəndə sürətli hücum qurmalıyıq”.
Qeyd edək ki, ötən mövsüm “Neftçi” Avropa Liqasının qrup mərhələsinədək irəliləyə bilib. “Skenderbeu” isə hələ II təsnifat mərhələsini keçə bilməyib. Korça şəhərindəki “Skenderbeu” stadionunda keçiriləcək matçı polşalı baş hakim Pavel Gil idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00–da başlayacaq.