“Neftçi” və “Xəzər Lənkəran” futbol komandaları arasında oktyabrın 23-də Naxçıvanda keçiriləcək Azərbaycan Superkuboku matçının biletləri gələn həftədən satışa çıxarılacaq. Bu barədə Lent.az-a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.
O bildirib ki, saat 15:00-da başlanacaq qarşılaşmanın bütün biletləri 1 manata satılacaq. Şahgəldiyevin sözlərinə görə, biletlərin böyük əksəriyyəti elə Naxçıvanda satışa çıxarılacaq: “Klublarımıza da müraciət edəcəyik. Əgər burada biletə tələb olmasa, hamisini Naxçıvana göndərəcəyik”.
Qeyd edək ki, “Neftçi” ötən mövsüm Azərbaycan çempionluğu və ölkə kubokunu qazanıb. “Xəzər Lənkəran isə ölkə kubokunun finalçısıdır.