“Foqtsun qalması lehinə 1 səs verilsə, bilin ki, o, mənəm”
20 noyabr 2013 17:03 (UTC +04:00)

“Foqtsun qalması lehinə 1 səs verilsə, bilin ki, o, mənəm”

“Mən Berti Foqtsun Azərbaycan yığmasında qalmasına səs verəcəyəm”. Bunu Lent.az-a AFFA İcraiyyə Komitəsinin (İK) üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov deyib.

 

Rəhimov almaniyalı mütəxəssisin son 5 ildə millimizin sükanı arxasındakı fəaliyyətindən razılıq ifadə edib: “Bu, çalışdığım nazirliyin mövqeyi yox, AFFA İK üzvü kimi şəxsi fikrimdir: Foqtsun rəhbərliyi altında yığmamız məzmunlu oyun sərgiləyir. Azərbaycan FİFA reytinqində 88-ci pilləyə qalxıb, 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsini 9 xalla başa vurub. Əlbəttə, 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq çətin olacaq. Amma hər şey mümkündür. Növbəti seçmə tsikldə millimiz bir az da güclənə bilər. Foqts komandamızın hazırkı vəziyyətini, oyun sistemini çox yaxşı bilir. Azərbaycan komandaları tarixən müdafiə və əks-hücum futbolu sərgiləyiblər. Bəlkə yeni baş məşqçi “Real Madrid” kimi hücum futbolu taktikasına önəm verəcək? O zaman Karlos Alberto Torresin dövründə olduğu kimi, yenə 0:8 hesabı ilə məğlub ola bilərik”.

 

İlin sonunadək AFFA İK Foqtsla müqavilənin uzadılıb-uzadılmayacağına dair qərar verəcək. Rəhimov isə hazırkı baş məşqçinin saxlanılmasına səs verəcəyini bəyan edib: “Açıq deyirəm: Foqtsun qalması lehinə 1 səs verilsə, bilin ki, o, mənəm”.

 

Qeyd edək ki, Berti Foqts  Azərbaycan millisinə 2008-ci ilin aprelindən başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874
avatar

Oxşar yazılar