Peşəkar boks üzrə İBF versiyası üzrə super yüngül çəkidə 2 dəfə “İntercontinental” və WBO versiyası üzrə Avropa çempionu Sergey Fedçenko Azərbaycana gəlib. Hazırda Qəbələdə məşq edən 32 yaşlı idmançı Lent.az-a müsahibə verib...
- Gəlişimdə məqsəd dostum, Azərbaycanın ilk peşəkar döyüşçüsü Fariz Məmmədovla birgə məşq etməkdir. Artıq oktyabrın 9-dan Qəbələdəyəm. Hazırlıq prosesi uğurla davam edir. Gündə 2 dəfə, əsasən fiziki hazırlığın yüksəldilməsi istiqamətində işləyirik. Dözümlülüyümüzü artırırıq, təmiz havanızla nəfəs alırıq. Məşqlərimiz oktyabrın 23-dək davam edəcək. Artıq hazırlıq dövrünün yarıdan çoxu arxada qalıb...
- Məmmədovla necə tanış olmusunuz?
- Bir il öncə həmyerliniz Azad Əzizovla döyüşürdüm. Fariz Məmmədov isə ona sekundant-məşqçi kimi kömək edirdi. Həmin görüşdən sonra Farizlə aramızda münasibətlər yarandı. İndi birgə məşq edir, ünsiyyətdə oluruq. O, maraqlı insandır, böyük potensiala malikdir. Burada da Fariz məni çox yaxşı qarşıladı.
- Bəs öz aranızda sınaq döyüşləri olur?
- Döyüşlər sonrakı mərhələdə olacaq. Bu, çox güman ki, Ukraynada baş tutacaq. Fariz Məmmədov da həmin hazırlıqda iştirak edəcək.
- Döyüş tərzləriniz bir-birinizin köməyinə gələ bilər?
- Fikrimcə, bəli. Düzdür, Farizə daha ucaboy sınaqçı rəqib lazımdır. Amma istənilən halda, bir-birimizə faydalı olacağıq.
- Məmmədov dekabrın ortalarında Bakıda Almaniya təmsilçisi Mattias Pelklə WBO və IBF versiyaları üzrə Avropa çempionluğu uğrunda döyüşə çıxacaq. Bəs Sizin növbəti rəqibiniz necə, müəyyənləşib?
- Mən də dekabrda döyüş keçirəcəyəm. Bu, demək olar ki, Farizin döyüşü ilə eyni vaxta təsadüf edəcək. Lakin mənim rəqibim hələ məlum deyil. Onun adına bu yaxınlarda aydınlıq gələcək.
- Ötən il aprelin 15-də meksikalı boksçu Xuan Manuel Markesə WBO versiyası üzrə birinci orta yüngül çəkidə dünya çempionu kəməri uğrunda döyüşdə uduzmusunuz. Hazırda ondan revanş almaq üçün hazırlaşdığınızı düşünmək olar?
- Məmnuniyyətlə ondan revanş almaq istərdim. Amma hər şey məndən asılı deyil. Bu, menecer və promouterlərin işidir. Markesdən sonra daha 2 görüş keçirərək, qalib gəlmişəm.
- Hər halda, Markeslə daha nüfuzlu titul uğrunda döyüşürdünüz. Ona məğlubiyyətinizi nə ilə əlaqələndirərdiniz?
- Bilirsiniz, Markes əfsanəvi boksçudur. Üstəlik, döyüş onun vətənində keçirilirdi. Belə rəqibi yalnız vaxtından əvvəl nokauta salmaqla və ya açıq-aşkar üstünlüyünü ortaya qoymaqla məğlub etmək mümkündür. Xal hesabına qalsa, çətin olar.
- Nə vaxtsa bu kəmərə sahib olmağı hədəfləmisiniz?
- Əlbəttə, bu, mənim arzumdur.
- Gələcəkdə Azərbaycan millisinə və ya klublarına dəvət alsanız, qəbul edərsiniz?
- Açığı, mən bu barədə bir söz deyə bilmərəm. Bu məsələ də Ukraynadakı menecer və promouterlərimin səlahiyyətindədir. Razılıq versələr, niyə də yox? Mənim üçün də maraqlı olardı.