“Fariz bu kəməri qazansa...”
10 dekabr 2013 13:59 (UTC +04:00)

“Fariz bu kəməri qazansa...”

Boksçumuzun rəqibi: “Hamı qaçdı-tutdu oynayanda, mən məşq edirdim”

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov dekabrın 14-də IBF və WBO versiyaları üzrə Avropa çempionluğu uğrunda almaniyalı Matias Pelklə döyüşə çıxacaq. Lent.az-ın məlumatına görə, bununla əlaqədar “Qafqaz Point” otelində hər iki boksçunun iştirakı ilə mətbuat konfransı keçirilib.

Döyüşün promoteri Yaşar Niftəliyev bildirib ki, hər iki boksçunu gərgin və məsuliyyətli döyüş gözləyir. Döyüş Azərbaycan tarixində ilk dəfə 2 kəmər uğrunda təşkil olunacaq. Pelk 20 döyüşün hamısını qələbə ilə başa vurub, bunlardan 11-də nokaut qeydə alınıb. Məmmədov 16 döyüşdən 14-də qalib gəlib, 1-də uduzub, 1 görüşdə isə heç-heçə qeydə alınıb. Niftəliyevin sözlərinə görə, boksçumuz böyük fasilədən sonra rinqə qayıtsa da, keçirdiyi hər 3 döyüşü qələbə ilə başa vurub: “Fariz bu kəmərləri qazansa, onun gələcəyini çox gözəl görürəm. Hər bir ölkənin dünya çempionu var. Amma Azərbaycanda bu, yoxdur. İstərdim ki, Farizin də adı dünya çempionları siyahısında olsun”.

Pelkin məşqçisi bildirib ki, yaratdığı “Fox” promouter şirkəti 2004-cü ildə yaradılıb. O vaxtdan Almaniyada boks sahəsində müəyyən irəliləyişlərə nail olublar: “İBF və WBO versiyaları üzrə dünya çempionatlarında, Almaniya çempionatında yerlər tutmuşuq. Bakı müasir şəhər təsiri bağışlayır. Qəbələdə də eyni mənzərə ilə üzləşəcəyimizə və döyüşün layiqli mübarizə şəraitində keçəcəyinə inanıram”.

Pelk isə Azərbaycanda olmaqdan və qarşılanmasından məmnunluq ifadə edib. O, döyüşə böyük marağın olduğunu açıqlayıb. Özü barədə məlumat verən Pelk 2004-cü ildən peşəkar boksla məşğul olduğunu bildirib. Almaniyalı boksçu həm də məşqçi kimi çalışdığını, eləcə də təhlükəsizlik şirkətində işlədiyini söyləyib. Pelk Məmmədovu güclü boksçu kimi dəyərləndirib: “Hər bir boksçunu öncədən analiz edirik. Onun döyüşlərini izləmişik və üslubuna bələdik. Belə döyüşlərdən öncə rəqibin üslubuna uyğun boksçu ilə sparrinq keçiririk. Mənim çoxlu boks əlaqələrim var. Farizlə eyni üslubda döyüşən 10-12 boksçu ilə görüşmüşəm. Taktikam da var, amma açıqlamaq istəmirəm. Rəqibimi çox yaxşı tanıyıram. Azərbaycanda döyüşmək məni qətiyyən narahat etmir və mane olmur. Həvəskar boksla çıxış etdiyim vaxtlarda Almaniyadan kənarda xeyli döyüş keçirmişəm. O vaxtdan öyrəşmişəm ki, publika əleyhimə olsa belə, bu, məni rəqibimi yenməyə daha da həvəsləndirir. Doğma divarlar arasında vuruşmağı çox sevirəm. Publikanın nə qədər dəstək verdiyindən də xəbərdaram. Amma yaşayarıq, görərik. Lakin çox maraq gördüyüm azərbaycanlı azarkeşlərin əleyhimə olacaqlarına inanmıram. Ola bilsin, onların döyüş üslubumdan xəbəri yoxdur. Çalışacağam ki, burada gözəl döyüşlə özümə azarkeş ordusu cəlb edim və onların ürəyinə yol tapım”.

İdmançı ailəsində doğulduğunu deyən Pelk hələ uşaq yaşlarından boksla məşğul olduğunu bildirib: “Uşaq ikən həmyaşıdlarım qaçdı-tutdu oynayanda mən idman məktəblərinə gedirdim. Boks elə bir idman növüdür ki, rəqibindən qorxan gərək bu növlə məşğul olmasın. Mən bütün rəqiblərimə, hətta birgə məşqə çıxdıqlarıma da hörmətlə yanaşıram. Döyüşə hazırlaşarkən, rəqibin gücünü nəzərə almamaq məğlubiyyətlə yekunlaşır. Nə olacağını döyüş göstərəcək. Publika özünü sakit aparsa, çox gözəl döyüş olacaq. Öz gücümə əminəm və bunu özündənrazılıq kimi qəbul etməyin. Gücümə əmin olmasaydım, döyüşdə iştirak etməzdim”.

Pelk əvvəllər də azərbaycanlı boksçu ilə döyüşüb. Onun rəqibi Bəxtiyar İsgəndərzadə olub. Almaniyalı boksçu iki boksçunu müqayisə etmək istəməyib: “Ola bilsin, döyüşlər oxşar idi. Milliyyətindən asılı olmayaraq, kiminlə döyüşmüşəmsə, onu analiz etmişəm. Yalnız buna əsasən, döyüşlərə hazırlaşmışam. Mən daha çox vəziyyətə rinqdə baxıram və ona uyğun qərar verirəm. Döyüşü vaxtından əvvəl bitirməyi qarşıma məqsəd qoymuram. Ədalətli boks keçəcəksə, əminliklə qalib olacağam. Kuba üslubunda döyüşdən xəbərim var. Rəqibimin məşqçisi də kubalıdır. Eyni ölkənin döyüş üslubunda döyüşsək, maraqlı görüş alınacaq. Sovet Almaniyasında ikən kubalı məşqçidən bu stili götürmüşəm və oğluma da öyrətməyə hazıram”.

Məmmədovun məşqçisi Lazaro Himenes Martines döyüşə yaxşı hazırlaşdıqlarını və qələbə üçün hərtərəfli imkanlarının olduğunu söyləyib: “Mən düşünürəm ki, çox yaxşı döyüş olacaq. Məmmədovun qələbə üçün yaxşı şəraiti var. “Qəbələ” klubu rəhbərliyinə və Almaniyadan bura gələnlərə təşəkkür edirəm”.

Boksçumuzun özü belə şouda görüşməyin təəccüblü olmadığını söyləyib. O, iki versiya üzrə döyüşməyə layiq bilindiyi üçün İBF və WBO-nun rəhbərliyinə minnətdarlıq edib: “Bu, mənim çoxdankı arzumdur. Onlar da məni bu döyüşə layiq biliblər. Azərbaycan tarixində yeni olduğundan, 9 ildir 12 raundluq döyüşmürəm. Rəqibim güclüdür. Onunla döyüşməyi özümə stimul bilirəm. Çünki belələri ilə döyüşmək lazımdır. Hər bir boksçu rinqə qələbə üçün çıxır. Bu, hər bir idmançının niyyətidir. Mən bütün idmançılardan fərqlənirəm. Məmmədovun qalib olmamağa haqqı yoxdur”.

Fiziki durumunu düzəltmək üçün iki həftə Qəbələdə çalışdığını deyən Məmmədov daha 6 həftəni Ukraynada keçirdiyini bildirib. Ümumilikdə 11 həftəlik hazırlığın yekununda o, karyerasının ən yaxşı formasında olduğunu söyləyib.

Boksçumuz qeyd edib ki, rəqibinin döyüşlərinin çoxunu nokautla başa vurmasından daha da ruhlandırır, psixoloji hazırlığını daha da artırır: “Öz boyuma uyğun sparrinq-partnyorlar seçmişik. Bu, məni döyüşə daha ciddi hazırlaşmağa sövq edir. Hər boksçu rinqə qələbə üçün çıxır. Peşəkar boksda bəzən atmacalar, hətta tərbiyəsizliklə də rastlaşırsan. Amma bu rəqibimdə çox gözəl əxlaq görürəm. Əksi də olsaydı, ona Azərbaycan dəyərlərini nümayiş etdirəcəkdim. Gözəl boks olacağına inanıram. Döyüş taktikam rəngarəng olacaq. Təkcə hücum etməyəcəm”.

Boksçumuz Avropa kəməri uğrunda döyüşü Qəbələyə salmaqda məqsədlərinin “Eurosport” kanalı vasitəsilə Azərbaycanın necə inkişaf etdiyini göstərməkdən ibarət olduğunu da əlavə edib.

Məmmədov əvvəlki şəxsi məşqçisi Zahid Əliyevlə hazırkı kubalı məşqçisini müqayisə edib: “Peşəkar boks bir əsərdir. İnsan böyüdükcə müdrikləşir. Mən boksda yeni deyiləm, artıq püxtələşmişəm. Həmişə özümə yaxşı komanda keçirəm. Məşq məkanlarımız bir ay öncədən müəyyənləşir. Nə dediyimi yəqin ki, başa düşdünüz”.

Qeyd edək ki, təkcə futbol deyil, digər növlərin də inkişafını diqqət mərkəzində saxlayan "Qəbələ" İdman Klubunun boks komandası ilk dəfə Türkiyənin "Fənərbaxça" boks komandasını qəbul edib. Matias Pelklə döyüş 12 raunddan ibarət olacaq. Saat 21:00-da Qəbələ Olimpiya Komitəsində keçiriləcək qarşılaşma “Eurosport” və “İdman Azərbaycan” telekanalları ilə canlı yayımlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1690
avatar

Oxşar yazılar