Türkiyənin “Beşiktaş” klubu 2 futbolçusunu əsas komandadan kənarlaşdırıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar İbrahim Toraman və Sezer Öztürkdür.
Səbəb kimi onların “Beşiktaş”a yaraşmayan hərəkətə yol vermələri göstərilir. Baş məşqçi Slaven Biliçin raportu əsasında verilən cəzanın qeyri-müəyyən müddətədək davam edəcəyi açıqlanıb.
Qeyd edək ki, İbrahim Toraman və Sezer Öztürk arasında münaqişə ötən gün “Beşiktaş”ın Xorvatiya “Hayduk”u ilə keçirdiyi yoldaşlıq görüşündən sonra yaşanıb. Onların söz savaşının böyüməsinə komanda yoldaşları imkan verməyiblər. Lakin İstanbula qayıtdıqdan sonra hamı klubun bazasında gecələyib. Toramanla Öztürk isə otaqlarından çölə çıxaraq, dalaşıblar. Səsə ayılanlar onları yenidən ayırıblar. Bununla belə, bu gün səhər məşqi öncəsi 2 futbolçu bir daha dalaşıblar. “Hayduk”la oyun “qartallar”ın qələbəsi ilə yekunlaşıb – 2:1.