Azərbaycanın “Baku Fires” klubu WSB (Ümumdünya Boks Seriyası) Liqasında növbəti görüşünü dekabrın 6-da keçirəcək. Lent.az-ın məlumatına görə, komandamız Polşanın Pruşkuv şəhərində “Hussars Poland”ın qonağı olacaq.
Əvvəlki 2 turda uduzmuş polşalılardan fərqli olaraq, “Baku Fires” döyüşlərindən 1 qələbə, 1 məğlubiyyətlə ayrılıb. Artıq hər iki komanda heyətini açıqlayıb:
“Hussars Poland” – “Baku Fires”:
49 kq. Arkadiuş Lubomski – Maqomed İbiyev
56 kq. Marek Pietruçuk – Qairbek Qermaxanov
64 kq. Damian Kivior – Heybətulla Hacəliyev
75 kq. Pyotr Qredke – Jaba Xositaşvili
91 kq. Mateuş Malujda – Denis Latipov
Bu görüşdə “Baku Fires” klubunun heyətində iki boksçu Maqomed İbiyev və Denis Latipov debüt edəcək. Dəfələrlə beynəlxalq turnirlərin mükafatçısı olan İbiyev 2011-ci ildə tələbələr arasında Avropa çempionu olub. Son dünya çempionatının iştirakçısı Heybətulla Hacəliyev müəyyən fasilədən sonra yenidən “Baku Fires”in heyətində döyüşəcək. Meydan sahiblərinin heyətində isə Mateuş Malujda istisna olmaqla, digər boksçular WSB Liqasında ilk döyüşlərini keçirəcəklər. Malujda ötən mövsüm “Baku Fires”in üzvü Abdulqadir Abdullayevə uduzub.
Turnir cədvəli:
1. “Cuba Domadores” – 6 xal
2. “Astana Arlans” - 6
3. Rusiya – 4
4. “Baku Fires”– 3
5. “Mexico Guerreros” – 0
6. “Hussars Poland” – 0
Bu həftə “B” qrupunda daha iki qarşılaşma keçiriləcək. Qazaxıstanın “Astana Arlans” komandası Almatıda Meksikanı təmsil edən “Mexico Guerreros”u qəbul edəcək. Rusiya isə Kubada “Cuba Domadores”in qonağı olacaq.