Mayın 23-də Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi rəsmiləri, eləcə də 2017-ci il IV İslam Həmrəylik Oyunları ilə bağlı Bakıda səfərdə olan İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) dəyərləndirmə komissiyası üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov 2017-ci il İslam Həmrəylik Oyunlarına Bakının namizədliyinin ötən il Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş Assambleyasında qeydə alındığını xatırladıb.
O bildirib ki, Bakı yeganə namizəddir və iyulda Ciddədə təşkil olunacaq Baş Assambleyada təşkilatçı şəhər kimi təsdiqlənə bilər. Bu, olsa, oyunlar 23 iyun – 2 iyul 2017-ci ildə baş tutacaq. Əsas şüar isə “Həmrəylik bizim gücümüzdür” olacaq.
Nazir Bakıda səfərdə olan ekspert qrupunun 3 gün ərzində paytaxtımızın imkanları, idman qurğuları ilə tanış olduğunu söyləyib. Onun sözlərinə görə, qarşıdakı illərdə ölkəmiz böyük yarışlara ev sahibliyi edəcək: “2014-cü ildə Dünya İdman Jurnalistləri Konqresi, 2015-də Avropa Oyunları və şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. Bunlar imkan verəcək ki, şəhərimiz İslam Oyunlarına tam hazır olsun”.
İHİF-in baş katibi Feysəl Əbdüləziz əl-Nəssar isə bildirib ki, ekspert komissiyasının Bakı haqqında rəyi çox müsbətdir: “Bakıda İslam Oyunlarının keçirilməsi üçün bütün şərait var. Ümidvaram ki, qurumumuzun toplantısında Bakı təşkilatçı şəhər kimi təsdiqlənəcək”.
Əl-Nəssar Bakıya alternativ namizədin olmamasının səbəbini də açıqlayıb. O bildirib ki, Misir namizədliyini vermək niyyətində olub. Lakin bu ölkədəki siyasi vəziyyət üzündən fikrindən daşınıb. Digər ölkələr isə iqtisadi vəziyyətlə əlaqədar namizədliklərini irəli sürməyiblər. Üstəlik, bu il İndoneziyada keçirilməli olan III İslam Həmrəylik Oyunlarının baş tutması sual altına düşüb. İslamiada üçün öncədən Pekanbaru şəhəri müəyyənləşdirilsə də, İndoneziya hökuməti sonradan maliyyə problemləri ilə əlaqədar Oyunları daha hazır vəziyyətdə olan Cakartaya keçirməyə qərar verib. Lakin bu zaman müəyyən məsələlər ortaya çıxıb. Ona görə də İndoneziya rəhbərliyi İHİF-lə müzakirələrin aparılmasını istəyib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə bildirib ki, qarşıdakı İslamiadada Azərbaycanı 160-dək idmançının təmsil etməsi nəzərdə tutulub. Lakin Oyunlar əvvəlcədən nəzərdə tutulan tarixdə keçirilməyəcəyindən, nümayəndə heyətində yer alan idmançıların tərkibində dəyişikliklər edilə bilər. Bununla yanaşı, Ç.Hüseynzadə 2017-ci il İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin mümkünlüyünə dair xəbərin Azərbaycan idman ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul olunduğunu vurğulayıb. O, ölkəmizdə İslamiadaya böyük önəm verilməsinə sübut kimi Oyunların keçirilməsi üçün prezident İlham Əliyevin sərəncamı ilə yaradılan xüsusi komissiyanı göstərib. MOK rəsmisinin sözlərinə görə, indi ən əsas məsələ İslamiada barədə məlumatların geniş kütləyə çatdırılmasıdır.
İHİF-in İcraiyyə Komitəsinin üzvü və Misir MOK-un prezidenti Əhməd Fuli Səyad İslam deyib ki, Həmrəyliyi Oyunlarına qatılan 57 ölkənin heç də hamısı islam ölkəsi deyil. Ona görə də İslamiadada idmançıların hamısının baş örtüyü ilə və ya örtüksüz çıxış etmələrini tələb edə bilməzlər: “Biz Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına riayət edirik. Bəzi idman növlərində, məsələn, futbolda, taekvondoda baş örtüyünə icazə verilir. Biz də beynəlxalq qaydalara əsaslanaraq, İslamiadanı keçirəcəyik”.