Mahir Mədətov: “Mən “Lans”ın əsas komandasında oynayacağam”
“Bakı”nın futbolçusu Mahir Mədətov AFFA-nın rəsmi saytına müsahibə verib. Mədətov Fransanın “Lans” klubuna keçəcəyi barədə Lent.az-ın xəbərini təsdiqləyib.
O, “Lans”ın əsas komandasında oynayacağını deyib: “Transferimlə “Bakı” klubunun rəhbərliyi məşğul olurdu. Mənim işim isə, sadəcə, onlardan cavab gözləmək idi. Sonradan mənə “Lans”a gedəcəyim barədə xəbər verdilər. Bu turnirdən sonra məsələnin reallaşacağı gözlənilir. Mövsümün ikinci yarısında “Lans”ın əsas komandasında oynayacağam. Düzdür, “Bakı”nın əsas yox, əvəzedici heyətinin üzvü sayılıram. Amma əsas komanda üzvləri ilə birgə məşq edir, onlardan çox şey öyrənirəm”.
“Lans”ın əsas heyətinə düşməyin elə də asan olmayacağını etiraf edən 17 yaşlı yarımmüdafiəçinin fikrincə, hər bir çətinliyin öhdəsindən gəlmək olar: “Bunun üçün istək lazımdır. Çox xoşum gələn bir deyim var: “ Ağıllı insanlar üçün futbol çox rahat oyundur”. “Lans”ın oyunlarının videoyazılarını izləmişəm. Bu komandada daha çox fiziki güc tələb olunur. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyəm”.
Qeyd edək ki, Mahir Mədətovdan əlavə, “Bakı” Futbol Akademiyasının daha 3 yetirməsi - Valeh Seyidov, Elvin Süleymanov və Nicat Əsgərov “Lans”a transfer olunub. Seyidov və Süleymanov səfərə bu gecə çıxıblar. Mədətov hazırda 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə iştirak edir. O, turnirin ardından Lansa uçacaq. Əsgərovu isə əvvəlcə “Bakı”nın əsas komandasının baş məşqçisi Milinko Pantiç İspaniyanın Marbelya şəhərində keçirəcəkləri təlim-məşq toplantısında sınamaq niyyətindədir. Sınaqdan uğurla çıxacağı halda, o, klubda saxlanılacaq, əks halda, “Lans”ın düşərgəsinə göndəriləcək.