Futbol üzrə Topaz Premyer Liqasının ilk turu 2 əcnəbi baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Milinko Pantiç və Yuri Syomin turun ilk qarşılaşmasında üz-üzə gəlib.
“Bakı”nın serbiyalı baş məşqçisi Pantiç üçün debüt uğursuz alınıb. “Qəbələ”yə rəhbərlik edən rusiyalı Yuri Syominin komandası səfərdə debütant həmkarını 2:1 hesabı ilə məyus edib. Cari mövsümün startında iş başında olan 5 əcnəbi mütəxəssisdən 2-nin debütü ilə Premyer Liqa tarixindəki legioner baş məşqçilərin ümumi sayı 44-ə çatıb. Syomin 2 il əvvəl “Simurq”da çalışmış Sergey Yurandan sonra Premyer Liqada debüt edən 2-ci rusiyalı olub. Pantiç isə elə onun klubdakı sələfi Bojidar Bandoviç, həmçinin AZAL-ın çalışdırıcısı olmuş Peter Kurçubiç və “Masallı”da 1 oyunluq baş məşqçi əvəzi kimi meydana çıxaran Miroslav Saviçdən sonra 4-cü serbiyalıdır. Ümumilikdə isə çempionatda 18 ölkədən olan məşqçilər çalışıb:
Türkiyə - 10, Ukrayna – 7, Gürcüstan, Serbiya – hərəsi 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rusiya, İspaniya – hərəsi 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Xorvatiya, Uels – hərəyə 1.
Pantiç “Bakı”nın tarixinə 7-ci əcnəbi baş məşqçi kimi düşüb. Ona qədər makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülənt Korkmaz və Cüneyt Biçər, almaniyalı Vinfred Şafer, latviyalı Aleksandr Starkov və serbiyalı Bojidar Bandoviç də paytaxtın eyniadlı təmsilçisində çalışıb. Bununla da “Bakı” ən çox legioner məşqçiyə güvənməkdə “Xəzər Lənkəran”a məxsus Azərbaycan rekordunu təkrarlayıb. Syomin isə “Qəbələ”nin 4-cü legioner baş məşqçisidir. Ona qədər ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak və ispaniyalı Luis Araqon komandanı Premyer Liqa matçlarına çıxarıb. Ümumilikdə isə 17 Azərbaycan klubu Premyer Liqada “gəlmə”yə güvənib:
“Xəzər Lənkəran”, “Bakı” – hərəyə 7, “İnter”, “Simurq” , “Qəbələ” – hərəyə 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” – hərəyə 3, “Muğan”, AZAL, “Rəvan” – hərəyə 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəyə 1.
Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Tsxadadze, Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Əlispahiç Premyer Liqada 2 klubda çalışıb.