Qadın voleybolçular arasında CEV kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində Azərbaycanı təmsil edən “Azəryol” “Muşina” (Polşa) ilə qarşılaşıb.
Səfərdə baş tutan görüşdə hər 2 komandanın qələbə qazanmaq şansı var idi. Matça fəal başlayan ev sahibləri ilk seti çətinliklə də olsa, qələbə ilə başa vura bildilər. Bundan sonra toparlanan və özünə gələn Ziya Rəcəbovun yetirmələri ardıcıl iki setdə qalib gələrək ümumi vəziyyəti öz xeyirlərinə dəyişə biliblər.
Ancaq "yolçəkənlər"in gücü bundan artığına çatmayıb. Təmsilçimiz 4-cü setdə məğlub olduqdan sonra hesabda tarazlıq yaranıb ki, qalib "tay-brek"də müəyyən olunub. Bu dəfə ev sahibləri qonaqlara heç bir şans verməyiblər - 15:5.
Ancaq bu nəticəni voleybolçularmız üçün ümidli hesab etmək olar. Səfərdə qazanılmış 2 set cavab qarşılaşması üçün müsbət məqamdı. Çünki evdə uduzmayan “yolçəkənlər”in paytaxtda uğurlu seriyanı davam etdirəcəyi gözləniləndi.
CEV kuboku
1/4 final, ilk oyun
“Muşina” (Polşa) – “Azəryol” (Azərbaycan) - 3:2 (27:25, 18:25, 23:25, 25:23, 15:5)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Enqborq Kleyn Morten (Danimarka)
Muşina, İdman Sarayı
Qeyd edək ki, bu komandalar arasında cavab matçı yanvarın 26-da Bakıda olacaq.