“Ayntraxt”ın baş məşqçisi “Qarabağ”ın üstünlüklərini sadaladı
21 avqust 2013 19:04 (UTC +04:00)

“Ayntraxt”ın baş məşqçisi “Qarabağ”ın üstünlüklərini sadaladı

“Azərbaycan çempionatı ilə tanış deyiləm. “Qarabağ”ın Avropa Liqasındakı rəqibləri Bundesliqa komandaları səviyyəsində olmayıblar. Bilirəm ki, rəqibin yaxşı baş məşqçisi var, topla oynamağı yaxşı bacarırlar. Buna görə asan oyun olmayacaq. Futbolçularım qalib gəlmək üçün bütün güclərini qoymalı olacaq”. Lent.az-ın məlumatına görə, bunu Almaniyanın “Ayntraxt” komandasının baş məşqçisi Armin Fe futbol üzrə Avropa Liqasında “Qarabağ”la avqustun 22-də keçirəcəkləri ilk “pley-off” matçı öncəsi deyib.

52 yaşlı mütəxəssis bildirib ki, Bakıdan yaxşı nəticə ilə ayrılmaq niyyətindədirlər. Çünki bu halda “Antraxt”ın bir həftə sonra keçiriləcək cavab görüşündə mərhələ keçməsi asanlaşacaq: “Biz mərhələ keçməyi həqiqətən də çox istəyirik”.

Fe “Qarabağ”ın üstünlüklərini də sadalayıb. O, Ağdam klubunun daha çox oyun keçirməsini və oyun üslubunu xüsusi qeyd edib: “Biz isə hələ cəmi 2 oyun keçirmişik. Bu da Bundesliqaya təsadüf edib. Hər iki oyunu uduzsaq da, qeyri-stabillikdən danışmaq hələ tezdir. Digər tərəfdən, ötən tur “Bavariya” ilə başabaş oynamışdıq. Digər tərəfdən, rəqib müdafiədən oyun qurmağı xoşlayır. Hava ötürmələrindən az istifadə edir. Amma fərqləndirmək istədiyim oyunçularının olduğunu deyə bilmərəm”.

Təcrübəli mütəxəssis “Qarabağ”a qarşı hansı oyun üslubu ilə çıxış edəcəklərini açıqlamaqdan imtina edib. O, Azərbaycanın müxtəlif yığmalarına başçılıq edən həmyerliləri Berti Foqts və Bernhard Lippert, eləcə də 3 il öncə “Qarabağ”a rəqib olmuş Almaniyanın “Borussiya” (Dortmund) komandasının baş məşqçisi Yurgen Kloppdan heç bir məsləhət almadığını da əlavə edib. Fe Bakıdakı hava şəraitində də problem görməyib. Çünki Almaniyada havalar son həftələr isti keçib.

Qeyd edək ki, sabah Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:00-da başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942
avatar

Oxşar yazılar