“Ayntraxt” Bakıya itki ilə gəlir
20 avqust 2013 14:47 (UTC +04:00)

“Ayntraxt” Bakıya itki ilə gəlir

Armin Fe: “Hətta “Qarabağ”ın heyətində braziliyalılar var”

 

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Sebastyan Yunq “Qarabağ”la Avropa Liqasının ilk “pley-off” matçını buraxacaq. Lent.az-ın “DPA” agentliyinə istinadən verdiyi məlumata görə, 23 yaşlı sağ cinah müdafiəçisinin qasıq nahiyəsindən zədəsi hələ sağalmayıb.

 

Onun Bakıya gəlişi gözlənilsə də, meydana çıxacağı inandırıcı görünmür. Məhz bu üzdən Yunq ötən həftəsonu “Bavariya” ilə Bundesliqa qarşılaşmasında oynamayıb. Onun mövqeyində Ştefan Şrök çıxış edib.

 

Baş məşqçi Armin Feni qayğılandıran əsas məsələ isə “Qarabağ”ın onda güclü rəqib təsiri bağışlamasıdır: “Biz çətin vəzifə ilə qarşılaşmışıq. Rəqib çoxlarının düşündüyündən güclüdür. Hətta komandanın heyətində braziliyalı futbolçular var”.

 

Amma “Qarabağ”ın “sambaçı”larından biri,  Reynaldo Silva avqustun 22-də keçiriləcək ilk görüşü buraxmalı olacaq. Silva “Xəzər Lənkəran”la Topaz Premyer Liqasının III tur qarşılaşmasında zədələnib.

 

Qeyd edək ki, “Ayntraxt” Bakıya avqustun 21-də yerli vaxtla saat 8:30-da (Bakı vaxtı ilə saat 11:30) “Airbus 340” təyyarəsi ilə gələcək. Çarter reysi ilə uçacaq təyyarə paytaxtımızı avqustun 23-ə keçən gecə saat 5:05-də tərk edəcək. İlk oyun avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlanacaq. Cavab görüşü isə avqustun 29-da olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1099
avatar

Oxşar yazılar