“Madrid “Atletiko”su yayda Bakıya gələcək”.
Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.
İspaniya təmsilçisinin ölkəmizə gəlişi səbəbsiz deyil. Artıq bu klubun səhmlərinin bir hissəsinə sahib çıxan H. Məmmədov “Atletiko”nun ölkəmizə gəlişinə nail olub. Ötən il aprelin 30-da Madrid təmsilçisi ilə yoldaşlıq görüşü keçirən “Bakı” 0:3 hesabı ilə uduzmuşdu. Ancaq bu dəfə səfərin daha uzun müddətə nəzərdə tutulub. Belə ki, komanda bu dəfə 2 və ya 3 həftə ölkəmizdə qalacaq:
“Gələn ilin iyun və ya iyulunda “Atletiko”nun əsas komandasının fiziki hazırlıq keçmək üçün ölkəmizə səfər etməsi planlaşdırılıb. Bu, tarixdə ilk dəfə olacaq. Planlaşdırılıb ki, 2-3 həftə ya Qubada, ya da klubun bazasında qalsınlar. Onların hazırlıq prosesini izləməklə, məşqçilərimiz çox şey öyrənə bilərlər” – deyə, Məmmədov bildirib.
Klub rəhbərinin sözlərinə görə, “Lans”la da əlaqələr genişləndirilib. Madrid təmsilçisinin düşərgəsinə 5 yetirməsini göndərən paytaxtın eyniadlı komandası bu dəfə Fransaya 5 futbolçu göndərəcək: “İndi daha 5 nəfəri də “Lans”ın düşərgəsinə yollayacağıq. Ancaq həm “Atletiko”, həm də “Lans” daha çox uşaq qəbul etməyə hazırdırlar. Bir şərtlə ki, perspektivli olsunlar”.